İsrailin nüfuzlu nəşrlərindən olan “Ynet” “İsrail qırmızı xətti keçdi: “Erməni soyqırımı”nı tanımasından sonra Azərbaycan böhranı daha da dərinləşdi” başlığı ilə məqalə dərc edib.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, məqalədə “iki ölkə arasındakı əlaqələrdən xəbərdar olan rəsmilərə” istinadla İsrail hökumətinin erməni soyqırımını tanımaq qərarının İsrail-Azərbaycan münasibətlərində ictimaiyyətə göründüyündən daha dərin bir böhrana səbəb olduğu vurğulanıb.
“Bakı İsrailin Ermənistanla münaqişəsindəki dərin bir məsələyə həssaslıq göstərmədiyini hiss edir. Rəsmilər bildiriblər ki, Bakı bu addımı İsrailin “qırmızı xətti keçməsi” kimi qiymətləndirir və Azərbaycanın İsrailə göstərdiyi dəstəyin qarşılığını almadığına inanır.
Rəsmilərin sözlərinə görə, Azərbaycan rəhbərliyi qərarın verilməsi tərzindən və göndərdiyi mesajdan dərin məyusluq duyur. Yaranan təəssüratın əksinə olaraq, xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı ilə yalnız qərar artıq dərc edildikdən sonra, onunla məsləhətləşmək əvəzinə, onu xəbərdar etmək üçün danışdığını bildirib”, – məqalədə deyilir.
Qeyd edilir ki, Azərbaycanla məsləhətləşmə aparılmaması rəsmi Bakını ciddi şəkildə məyus edib.
“Azərbaycan təxminən altı il əvvəl Ermənistanla müharibə apararaq minlərlə vətəndaşını itirib. Lakin ölkənin milli həssaslığı daha qədimlərə gedib çıxır. 1990-cı illərin əvvəllərində iki dövlət arasındakı münaqişədən sonra Qarabağ bölgəsindəki evlərindən didərgin düşmüş və öz ölkələrində qaçqın olmuş təxminən bir milyon azərbaycanlı Azərbaycanda milli travma olaraq qalır.
Bakı həmçinin ANCA kimi tanınan Amerika Erməni Milli Komitəsinin fəaliyyətinə dərin narahatlıqla yanaşır. Qrup “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını təşviq edən mərkəzi qüvvələrdən biri idi.
Məsələ ilə tanış olan bir rəsmi deyib ki, İsrailin Azərbaycanın həssaslığını anlamadığı hissi yaranıb. Bakı üçün bu, qırmızı xətdir. Beynəlxalq kampaniya və təzyiqlərə baxmayaraq, Azərbaycan Qəzza, Livan və ya İran məsələsində İsrailə qarşı çıxmayıb. Azərbaycanlılar İsrailin eyni səviyyədə diqqətli cavab vermədiyini düşünürlər.
Rəsmi şəxs bildirib ki, hazırda Bakıda verilən sual İsrailin ən yaxın-dost ölkələrindən biri ilə münasibətlərini niyə korlamalı olmasıdır.
Rəsmi şəxs bildirib ki, bu, demək olar ki, antisemitizmin olmadığı, İsrail turizminin çiçəkləndiyi bir ölkədir. “İsrailin qərarı lazımsız idi və illərdir qurulan etibarı sarsıtdı”, – rəsmi vurğulayıb.
Rəsmilərin sözlərinə görə, Knesset sonuncu dəfə məsələ ilə bağlı müzakirəni irəli sürməyi nəzərdən keçirərkən o vaxtkı xarici işlər naziri Yair Lapid əvvəlcədən azərbaycanlı həmkarları ilə əlaqə saxlayıb və onların etirazlarını dinləyib. Daha sonra “soyqırım”la bağlı bəyanat verməmək barədə qərar qəbul edilib.
Rəsmilər əlavə ediblər ki, həm Azərbaycan, həm də Ermənistan belə bir tanınmanın yalnız iki ölkə arasındakı sülh müqaviləsinə zərər verdiyinə və Rusiya və İrana xidmət etdiyinə inanırlar. Ermənistanın baş naziri hətta İsrailin “soyqırımı” tanımasını tənqid edib və bu tanınmanın yalnız zahirən onun ölkəsini dəstəkləmək məqsədi daşıdığını bildirib.
Hələlik Bakı böhranın daha da dərinləşməyəcəyinə ümid edir və məsələnin Knessetdə irəli sürülməyəcəyini, ya da heç olmasa səsverməyə çıxarılmayacağını və ya təsdiqlənməyəcəyini gözləyir”.
Qeyd edək ki, “Yerusəlim Post” da analoji mövqedən çıxış edib və İsrail hökumətinin ciddi yanlışa yol verdiyini, hətta Azərbaycanın İsraildəki səfirinin məsləhətləşmələr üçün Bakıya çağırıldığı haqda məlumat yayıldığını yazıb.