“Azərbaycan və Ermənistan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib”

“Azərbaycan və Ermənistan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində görülən işləri alqışlayırıq. Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar. Tərəflər son bir ildə əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub saxlamağa və sülh müqaviləsinə nail olmağa təşviq edirik”, – deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirmişdi ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.

Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirmişdi.