Qlobal bank neftin daha da bahalaşacağını proqnozlaşdırır. Brent markalı neftin dekabr ayı üzrə qiymət proqnozu 15 dollar və ya 16,7% artırılaraq bir barel üçün 105 dollara çatdırılıb.
Neftin bahalaşması Azərbaycan iqtisadiyyatı, dövlət büdcəsinin gəlirləri baxımından hansı nəticələrə səbəb ola bilər?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, neftin qiymətinin artması yeni büdcə gəlirlərinə səbəb olacaq:
“2026 və 2027-ci illər üzrə büdcədə neftin qiyməti 65 dollardan götürülüb. Bu cür artımlar davamlı və sabit olsa, büdcəyə neft gəlirlərinin artmasına təsir edəcək. Lakin son illərdə neftin qiymətində baş verən bu cür volatilliklər siyasi amillərlə bağlıdır. Yəni Hörmüz boğazında, Şərq regionunda münaqişə və təhlükə riski ilə əlaqəlidir. Bəzən bu cür qiymət artımları da həmin münaqişələrdən doğan məsələlərlə əlaqəli olur və sabit qiymət hesab edilmir. Çünki bu, münaqişənin gedişatından və həllindən asılı olacaq”.
İqtisadçı bildirib ki, neftin qiyməti sabit formada dayanıqlığını təmin etsə, bu, ölkə büdcəsinə müsbət təsir göstərəcək və büdcə daxilolmaları artacaq:
“Lakin neftin qiymətinin artması dünyada inflyasiya təzyiqləri və təhdidləri yaradır. Bizim kimi idxaldan asılı olan ölkələrdə bu, bəzən idxal inflyasiyası ilə üzləşməyə səbəb olur və digər ölkələrdən idxal etdiyimiz məhsulların qiymətlərinin artmasına gətirib çıxara bilər”.
Zaira Akifqızı
Globalinfo.az