Azərbaycan sülh istəyir

Tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi.

Bunu İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi Globalinfo.az-a Azərbaycanın regionun gələcəyi ilə bağlı hədəflərindən bəhs edərkən bildirib. Bu təklifdən 3 il keçməsinə baxmayaraq Ermənistan real addımın atılmasında maraqlı olmadığını açıq-aydın nümayiş etdirir. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan  müxtəlif məkanlarda, eyni zamanda, formatlarda keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən  sülh təklifini dəstəkləyir, görüşdən dərhal sonra isə qeyri-ciddi fikirləri ilə diqqəti özünə çəkir. Bu da başadüşüləndir. Dünyanın ikili standartlara əsaslanan siyasəti daim problemlərin yaranmasına, gərginliklərin dərinləşməsinə rəvac verir. Keçmiş ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ və Fransanın  Ermənistana beynəlxalq hüquqa və ədalətə sığmayan dəstəkləri vəziyyətin  gərginləşməsinə, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olur.

O da qeyd edilib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi  əməkdaşlığın genişləndirilməsində əsas amildir.