Azərbaycan seçki ilinə daxil oldu – namizədlər siyahısında yeni kimlər var?

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Ardınca isə seçkilərə namizədlərin irəli sürülməsi prosesi başlayıb.

MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Ardınca isə namizədliyi irəli sürülən lakin hələ MSK tərəfindən təsdiqlənməyən 8 nəfərin də adı bu siyahıya daxil oldu.

Dekabrın 26-da keçirilən iclasda sözügedən 8 nəfərin – Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Ayın 30-da hüquqşünas, sabiq vəkil Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

MSK katibi Arifə Muxtarovanın yaydığı məlumata görə, müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb.

Bu günə olan məlumata görə, 2023-cü il dekabrın 19-dan başlanılan prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi prosesi gələn həftə başa çatacaq.

Safura Bənnayeva

Globalinfo.az