Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən, ölkəmizə qarşı ekoterror həyata keçirən “Beyz Metals” şirkətini beynəlxalq məhkəməyə verə bilər.
Xatırladaq ki, “Beyz Metals” şirkəti Qarabağda istismarını həyata keçirdiyi “Dəmirli” mis-molibden mədəninin fəaliyyətini ekspertiza başa çatana qədər dayandırmaq qərarına gəlib. Şirkətin müraciəti ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.
Məsələ ilə bağlı beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev Globalinfo.az-a bildirib ki, belə şirkətlərə qarşı hər hansı bir beynəlxalq məhkəməyə müraciət etmək olmur:
“Bunun əvəzinə, “Beyz Metals” şirkətinin qeydiyyatdan keçdiyi ölkəyə qarşı iddia qaldırmaq olar. Bu İsveçrə şirkətidirsə, həmin dövlətin məhkəmələrində ona qarşı iddia qaldırmaq lazımdır. Əgər dövlət məhkəməsindən nəticə alınmasa, daha sonrakı mərhələdə bu cür mübahisələri beynəlxalq arbitraja götürmək mümkündür”.
Hüquqşünas qeyd edib ki, sözügedən şirkətin məhkəməyə verilməsi Azərbaycan dövlətinin verəcəyi qərardır:
“Hesab edirəm ki, digərlərinə də dərs olması üçün bu addım atılmalıdır”.
Qeyd edək ki, erməni jurnalist Vaqram Ağacanyanın araşdırmasına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.
Azərbaycanın Baş Prokurorluğu 2018-ci ildə işğal altındakı ərazilərin sərvətlərinin talanması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət ünvanlayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra istintaq işləri birbaşa yerlərdə aparılıb və yeni faktlar aşkarlanıb.
Baş Prokurorluğun 2020-ci ildə aparılan istintaqla bağlı müəyyən məlumatları açıqlanmışdı. Məlumata görə, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Beyz Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Beyz Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan haqqında cinayət işi açılıb, beynəlxalq axtarışa veriliblər.
Azərbaycan hüquq-mühafizə orqanları işğal dövründə təbii sərvətlərimizi talayan şirkətlər və şəxslər haqqında istintaq-axtarış tədbirlərini davam etdirir.
Gülnar Səlimova
Globalinfo.az