azerbaycan ozbekistan elaqeleri regional emekdasligin numune ejqznj p

Ötən həftə beynəlxalq diplomatiya arenasında diqqəti cəlb edən hadisələrdən biri Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri oldu. Bu səfər iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunun parlaq təcəssümünə çevrildi.Səfərin ən əlamətdar anı isə şübhəsiz ki, əbədi dostluq haqqında sənədin imzalanması oldu. Bu sənəd yalnız simvolik bir addım deyil, eyni zamanda Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəm tarixi, mədəni və strateji bünövrə üzərində qurulduğunun rəsmi təsdiqi kimi dəyərləndirilməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə, daha sonra müttəfiqlik münasibətləri haqqında Müqavilə və nəhayət, bu səfər zamanı Azərbaycanla Özbəkistan arasında Əbədi Dostluq haqqında Müqavilə imzalandı. Bu, bütövlükdə təkcə Azərbaycan-Özbəkistan münasibətləri baxımından deyil, bütün Türk dünyası üçün çox ciddi əhəmiyyətə malik olan bir sənəddir:

esnkzoneeb.webp

Fotoda: siyasi şərhçi Tural İsmayılov

Azərbaycan-Özbəkistan münasibətlərində əldə edilən razılaşmaların məqsədi təkcə yaxın 5-10 il ərzində əməkdaşlığın davamlılığını təmin etmək deyil. Bu müqavilə gələcək nəsilləri əhatə edən və bütövlükdə uzun illərə sirayət edən əməkdaşlıq modelini özündə ehtiva edir. Təkcə 2025-ci ildə əvvəlki illərlə müqayisədə Azərbaycan-Özbəkistan münasibətlərində çox ciddi iqtisadi artım müşahidə edilib. 2026-cı ilin birinci yarısında isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadi və ticari münasibətlərdə 30 faizdən çox artım qeydə alınıb. Qarşıya qoyulan əsas hədəf 2030-cu ilə qədər Azərbaycan və Özbəkistan arasında qarşılıqlı iqtisadi-ticari münasibətlərin həcmi 1 milyard dollara çatdırmaqdır.

Qeyd edim ki, Azərbaycan və Özbəkistan arasında artıq Birgə İnvestisiya Fondu fəaliyyət göstərir. Bu fond bütövlükdə artıq yarım milyard dollarlıq kapitala malikdir. Bununla yanaşı, investisiyaların təşviqi və cəlb edilməsi də artacaqdır”.

Politoloqun sözlərinə görə, bu gün Azərbaycan–Özbəkistan münasibətləri həm Türk Dövlətləri Təşkilatının daha da inkişafına zəmin yaradır, həm iki ölkənin birgə təmsil olunduğu beynəlxalq təşkilatlarda mövqelərinin güclənməsinə böyük təkan verir, həm də qlobal kontekstdə mühüm yeni layihələrin reallaşması üçün vacib zəmin formalaşdırır:

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri çərçivəsində Özbəkistan Mərkəzi Asiyadan Avropaya, Azərbaycan isə Avropadan Mərkəzi Asiyaya doğru iki istiqamətdə həm siyasi, həm iqtisadi-ticari, həm də mədəni əlaqələrini daha da dərinləşdirir.

Azərbaycan-Özbəkistan münasibətləri bu gün qlobal düzəndə, hətta bir-biri ilə yol gedə bilməyən, yaxın qonşu olan ölkələr üçün də bir örnəkdir. Bu münasibətlər göstərir ki, mənəvi bağlar, ağıllı siyasi qərarlar, liderlər arasındakı rasional dostluq münasibətləri və qardaşlıq əlaqələri təkcə müttəfiqlik münasibətləri quran ölkələrin özləri üçün deyil, onların təmsil olunduqları regionlar üçün də böyük yeni imkanlar yaradır. Bu imkanlar rəqəmsal və informasiya texnologiyaları sahəsində də özünü göstərir”.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qalıb.

Deputatın sözlərinə görə, müsahibədə səsləndirilən ən mühüm siyasi mesaj Azərbaycan-Özbəkistan əlaqələrinin artıq strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlməsidir. O qeyd edib ki, bu yanaşma təkcə ikitərəfli münasibətlərin deyil, həm də Türk dünyasında formalaşan yeni əməkdaşlıq modelinin siyasi konturlarını ortaya qoyur:

sxt5jeupdh.webp

Fotoda: millət vəkili Cavanşir Feyziyev

Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Məhz bu ortaq köklər son illərdə dövlətlərarası əlaqələrin sürətlə inkişaf etməsinə, xalqlar arasında etimadın daha da möhkəmlənməsinə şərait yaradıb.

Bu gün iki ölkə arasındakı qardaşlıq münasibətləri region üçün sabitlik və əməkdaşlıq nümunəsinə çevrilib. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında qarşılıqlı etimad və dostluq əlaqələri də dövlətlərarası münasibətlərin indiki yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Bu şəxsi münasibətlər xalqlarımız arasında qardaşlığın rəmzi olmaqla yanaşı, iki ölkənin gələcək inteqrasiya perspektivlərini də ortaya qoyur”.

Deputat Prezident İlham Əliyevin müsahibəsində Ali Dövlətlərarası Şuranın fəaliyyətinin yüksək qiymətləndirilməsinə də diqqət çəkib. O bildirib ki, bu mexanizm siyasi, iqtisadi və humanitar əməkdaşlığın koordinasiyasında mühüm rol oynayır. Bakıda və Daşkənddə keçirilən iclaslar gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirən vacib platformaya çevrilib.

Cavanşir Feyziyevin sözlərinə görə, Özbəkistanla iqtisadi əməkdaşlıq da müsahibənin əsas istiqamətlərindən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, ticarət dövriyyəsinin sürətlə artması qarşılıqlı iqtisadi münasibətlərin real nəticəsidir. İnvestisiya layihələrinin genişlənməsi isə hər iki ölkənin iqtisadi potensialını birləşdirən yeni imkanlar yaradır:

“SOCAR və Özbəkistanın enerji şirkətləri arasında yaradılmış birgə müəssisələr neft-qaz sənayesində mühüm layihələr həyata keçirir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistanı regionun yaşıl enerjiyə keçid siyasətində strateji tərəfdaşlara çevirir.

Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsini də xüsusi perspektivli istiqamət kimi qiymətləndirib. Azərbaycanın Orta Dəhlizdə oynadığı rol ilə Özbəkistanın Mərkəzi Asiyadakı mövqeyi bir-birini tamamlayır. Bu əməkdaşlıq Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanlarının yaranmasına xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə layihələrin də xalqlarımız arasında qardaşlığın praktik nümunəsi olduğunu qeyd edib. Füzulidə salınan “Dostluq bağı” və Mirzə Uluqbəy adına məktəbin tikintisi, eləcə də digər layihələr Özbəkistanın Qarabağın bərpasına verdiyi böyük dəstəyin göstəricisidir. Bu təşəbbüslər iki xalqın həmrəyliyini daha da gücləndirir.

Hesab edirəm ki, qarşılıqlı mədəniyyət günləri, “Şuşa Günləri”, elmi konfranslar və Bakının mərkəzində “Özbəkistan” parkının yaradılması kimi layihələr ortaq mədəni irsin qorunmasına xidmət edir”.

Cavanşir Feyziyev media və QHT sahəsində əməkdaşlığın da diqqətçəkən istiqamətlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, media və QHT forumları ictimai diplomatiyanın inkişafına töhfə verir. İlk dəfə elan olunan birgə qrant müsabiqəsi isə vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq üçün yeni imkanlar açır.

“Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq həm iki ölkənin milli maraqlarına, həm də Türk dünyasının gələcək inteqrasiyasına mühüm töhfələr verir”, – deyə deputat qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

afrxsanjiv.webp

Paylaş: