Azərbaycan Ordusu səssiz müharibə ilə Xankəndiyə doğru irəliləyir – VİDEO

***
10:44

Azərbaycan Ordusunun son vaxtlar Qarabağ və Ermənistanla sərhəddə keçirdiyi lokal əməliyyatlar böyük rezonans doğurmaqla yanaşı, ciddi proseslərin başlaması haqda fikirlər formalaşdırır.

Globalinfo.az xatırladır ki, Ordumuz bir neçə gün əvvəl separatçıların rus sülhməramlılarının dəstəyi ilə Qarabağa silah və canlı qüvvə daşımaq üçün istifadə etdiyi Xankəndi-Turşsu-Xəlfəli torpaq yoluna nəzarəti bərpa edib.

Bu gün isə yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Erməni mənbələri Azərbaycan Ordusunun Qarabağda, demək olar ki, bütün hakim yüksəkliklərə nəzarəti təmin etdiyini bildirir.

Ekspertlər isə qeyd edirlər ki, bu əməliyyatlar heç bir itki verilmədən, xüsusi peşəkarlıqla həyata keçirilib.

Vurğulanır ki, rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin qaçılmaz olduğunu daha əvvəl dəfələrlə bəyan edib. Hətta bunun üçün Qarabağ ermənilərinin nümayəndələri Bakıya dəvət edilib, lakin təklif qəbul olunmayıb.

Görünən odur ki, rəsmi Bakı reinteqrasiya prosesini rəsmən başladıb. Bu yolda Azərbaycan Ordusu da üzərinə düşən vəzifəni çox uğurla icra edir – həm də qan tökmədən.

Prosesləri ümumiləşdirdikdə belə qənaətə gəlmək olar: Azərbaycan Ordusu səssiz müharibə ilə Xankəndiyə doğru irəliləyir!

Tamerlan Yayaqan
Globalinfo.az