Azərbaycan kəşfiyyatı İranın “Naxçıvan planı”nı iflasa uğratdı – SENSASİYA

“İrandakı hərbi obyektlərin və İslam Respublikasının müdafiə sənayesinin nişangaha gətirilməsi üçün kifayət qədər səbəb tapmaq olar. Şübhə yoxdur ki, İrandakı hədəflərin dəqiq zərbələrlə məhv edilməsi əməliyyatının ideya müəllifi və əsas icraçısı İsraildir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib.

O bildirib ki, Cənubi Qafqaz mümkün İsrail-İran müharibəsi fonunda qlobal alovlanmanın yeni nöqtəsi kimi ortaya çıxa bilər:

“İrana aviazərbələrdən sonra molla rejimində bu fikir güclənəcək ki, İsraillə Azərbaycanın hərbi əlaqələri yeni fazaya daxil olub.

Tehran regiondakı itkisini Ermənistana sərmayə qoymaqla bərpa etməyi hədəfləyir. Bu, növbəti təxribatların anonsu kimi şərh edilə bilər.

İranın Ermənistanı qucağında oturtması İsrail üçün məqbul sayılmır, çünki Təl-Əviv bunu Tehran-İrəvan müttəfiqliyi kimi qavrayır. Belə olan halda Azərbaycan-Türkiyə-İsrail üçbucağında İranla yanaşı, Ermənistana da yerini göstərmək aktuallıq kəsb edir”.

Ekspert onu da bildirib ki, İran son zamanlar Naxçıvan kartı ilə prosesi qırmaq istədi, lakin Azərbaycanda olan kəşfiyyat məlumatları əsasında görülən preventiv tədbirlər Tehranın planını iflasa uğratdı:

“İrana vurulan zərbələr Ermənistanı da hədəfə gətirmək imkanına malikdir. Amma burada qırmızı xətləri müəyyən etmək üçün İsrail Rusiya ilə razılıq əldə etməyin vacibliyini anlayır.

Ermənistan amilini sıradan bir versiya kimi səsləndirmirik. Hələ 2022-ci ilin iyulunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Uilyam Börnsün, dekabrda isə Böyük Britaniyanın ali kəşfiyyat qurumu MI6-nın rəisi Riçard Mur İrəvanda səfərdə olmuşdu. Bu səfərlər məhz bu günün panoramasındakı qıfılları çözə bilən açarlardır və gələcəkdə İrəvanı hansı təhlükələr gözlədiyinin müjdəsidir”.

Turan Rzayev
Globalinfo.az