Azərbaycan diplomatik leksikondan bu ifadələri yığışdırdı

“Vətən müharibəsində əldə edilən qələbə və sonrakı dövrlərdə müxtəlif irili-xırdalı əməliyyatlarla Azərbaycan bölgəni düşməndən təmizlədiyi kimi, diplomatik sahədə də danışıqlar yolu ilə xeyrimizə olmayan ifadələrdən təmizləməni həyata keçirməkdədir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Fuad Çıraqov deyib.

Onun sözlərinə görə, artıq danışıqlar prosesindən və qəbul edilən bəyanatlardan “Dağlıq Qarabağ” və “status” ifadələri çıxarılıb:

“2020-ci ilə qədər sənədlərdə Azərbaycanın əleyhinə olan “öz müqəddəratını təyinetmə” hüququ vardı. Sonuncu Brüssel bəyanatında Qarabağdakı ermənilər “əhali” (population), daha əvvəlki Blinkenin tvitində “sakinlər” adlandırıldı.

Yəni Azərbaycan bu əhalinin təsbitinin “milli azlıqdan” da aşağı statusla müəyyənləşdirməyə nail olub. Əgər bu əhali sənədlərdə “people” (xalq) kimi təsbit edilərdisə, öz müqəddəratını təyin edə bilərdi. Beynəlxalq hüquqda milli azlıqların, əhalinin və sakinlərin öz müqəddəratlarını təyinetmə hüquqları yoxdur. Bu hüquq ancaq xalqlarındır. Ermənistan üçün buradakı ermənilərin xalq (people) adlandırılması prinsipial məsələ idi. Gələcək sənədlərdən artıq “öz müqəddəratını təyinetmə hüququ” ifadəsi də beləliklə silindi”.

Politoloq hesab edir ki, diplomatik leksikon tamamilə sıfırlanıb və yenilənib:

“İndi qalıb Ermənistanın ən sonuncu müqavimət xətti. Bu da Azərbaycanın üzərinə Qarabağdakı ermənilərlə bağlı öhdəlik qoymağa nail olmaqdır. Ermənistan guya buradakı əhaliyə qarşı soyqırım ediləcəyi bəhanəsini əsas gətirərək beynəlxalq mexanizm tələb edir. Azərbaycan bunun qətiyyətlə əleyhinə çıxır və məsələni sırf digər milli azlıqlarla olduğu kimi daxili işi sayır. Paşinyan bununla bir tərəfdən problemi beynəlmilləşdirməyə, məsələni işğalçılıqdan insan hüquqları platformasına və narrativlərinə çəkməyə çalışır ki, gələcəkdə Ermənistan üçün Qarabağa iddialar üçün əsaslar versin. Eyni zamanda Paşinyan daxili təzyiqlər kritik həddə çatarsa, öz mövqeyini yenidən dəyişə bilmək üçün manevr imkanı saxlamağa çalışır.

Qətiyyətlə Ermənistana məsələni insan hüquqları platformasına gətirilməsinə və bu narrativin dominant olmasına imkan vermək olmaz. Şəxsən mənə görə məhz indi Ermənistana qarşı işğalçılıq dövründə vurulan ziyanla bağlı müxtəlif məhkəmə iddialarının tam zamanıdır. Ermənistan Qarabağdakı ermənilərin “hüquqları və təhlükəsizliyi” adı altında gələcək üçün bomba və mina qoymağa çalışır.

Bu, sülh müqaviləsinin imzalanması yolunda əsas maneədir. Laçında NBM-nin qurulmasından sonra ikinci ən mühüm müqavimət xətti budur, ondan da ağır və çətin görünür. Paşinyan bu gün Qarabağı Azərbaycanın ərazisi saydığını bəyan etdi. Eyni zamanda, Ermənistan Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə yeni müraciət ünvanladı. Təsadüfi deyil, yuxarıdakı məntiqlə izah edilir”.

Turan Rzayev
Globalinfo.az