ilham eliyev 900x552 1

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkəmizin iqtisadi potensialı ilə bağlı məsələni yenidən gündəmə gətirib.

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, 2025-ci ildə  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və siyasi inkişaf kursu daha da genişlənib, ölkəmiz müstəqil dövlətçilik iradəsini qətiyyətlə həyata keçirməyə davam edib:

“Bir daha təsdiqlənib ki, Azərbaycanın siyasi müstəqilliyinin təməli onun iqtisadi müstəqilliyidir və iqtisadi dayanıqlıq ölkəmizin beynəlxalq arenadakı nüfuzunu gücləndirən əsas amillərdəndir. 2025-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) 3 faizdən çox artıb, xüsusilə qeyri-neft sektorunda əhəmiyyətli nailiyyətlər əldə edilib. Xarici ticarət dövriyyəsinin genişlənməsi, ixrac imkanlarının artması və yeni bazarlara çıxış iqtisadi dinamikanı daha da gücləndirib. Xarici ticarət dövriyyəsinin həcmi 2,2 milyard dollar səviyyəsində qərarlaşaraq ölkənin ixrac potensialının artdığını nümayiş etdirib. Bununla yanaşı, xarici ticarətin müsbət saldosu strateji valyuta gəlirlərinin artmasına şərait yaradıb.

Bu inkişafın nəticəsi olaraq Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard ABŞ dollarını keçib. Bu rəqəm həm milli iqtisadi təhlükəsizliyin təmin edilməsində, həm də milli valyutamız olan manatın möhkəmliyinin qorunmasında mühüm rol oynayır”.

aydin huseynov esas

Aydın Hüseynov

A.Hüseynov əlavə edib ki, Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti olduqca aşağıdır və dünya ölkələrinin əksəriyyəti ilə müqayisədə müsbət göstərici təşkil edir:

“Bəzi ölkələrdə bu rəqəm 100 faiz və ondan da yuxarı olduğu halda, Azərbaycanda valyuta ehtiyatlarımız xarici borcdan təxminən 16 dəfə çoxdur. Bu amil ölkənin beynəlxalq kredit reytinqlərinin yüksəlməsinə, investor etimadının güclənməsinə və manatın məzənnə sabitliyinin qorunmasına ciddi şəkildə töhfə verir. Ümumilikdə, 2025-ci ilin nəticələri göstərir ki, iqtisadi inkişaf strateji xətt üzrə davam edir və qarşıdakı illərlə bağlı nikbin gözləntilər üçün möhkəm zəmin yaradır. Məhz bu iqtisadi təməlin üzərində 2026-cı il üçün müstəqillik tariximizdə həcminə görə ən böyük dövlət büdcəsi təsdiq edilib. 2026-cı ilin dövlət büdcəsində gəlirlər 38,6 milyard manat, xərclər isə 41,7 milyard manat olaraq müəyyən olunub. Bu büdcə həm sosial müdafiə tədbirlərinin, həm də iqtisadi islahatların daha geniş miqyasda həyata keçirilməsinə imkan verəcəkdir.

Nəticə etibarilə, 2025-ci ildə əldə edilən iqtisadi uğurlar, islahatların ardıcıllığı və strateji idarəetmə 2026-cı ilin inkişaf gündəliyi üçün güclü baza formalaşdırır. Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, iqtisadi müstəqilliyə əsaslanan siyasi iradəsi və dayanıqlı inkişaf modeli ölkəmizin qarşıdakı illərdə də yüksəlişini təmin edəcəkdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: