baki esas 44

“Azərbaycan Respublikası son zamanlar beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çalışır. Ölkəmiz BMT-nin Baş Assambleyasının işində, həmçinin bu təşkilata daxil olan müxtəlif qurumların fəaliyyətində aktiv rol oynayır”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının da fəaliyyətində yaxından iştirak etmiş, 2 il müddətinə qurumun qeyri-daimi üzvü kimi fəaliyyət göstərmişdi:

“İqlim dəyişikliyi ilə bağlı  beynəlxalq tədbirin 29-cu sammitinin (COP29) Bakıda keçirilməsi ölkəmizin BMT qarşısında götürdüyü öhdəliklər, eləcə də qurumun fəal üzvü kimi apardığı siyasəti bir daha nümayiş etdirdi. Ölkəmizlə NATO arasında da əməkdaşlıq yüksək şəkildə inkişaf edir. Azərbaycan NATO-nun “Şərq naminə tərəfdaşlıq proqramı”na daxil olub. Ölkəmiz NATO qoşunlarının tərkibində müxtəlif ölkələrdə sülhyaratma missiyasında iştirak edib. Hazırda da Azərbaycan-NATO əməkdaşlığı inkişaf edir.

Ordumuzun NATO modelində yenidən qurulması istiqamətində mühüm işlər görülür. Son illərdə aparılan hərbi islahatlar, Quru Qoşunların yaradılması, komando birliklərinin formalaşması da bu əməkdaşlığı daha da gücləndirir. Eyni zamanda ölkəmiz NATO-nun ikinci böyük hərbi gücü Türkiyə ilə hərbi və strateji müttəfiqliyə malikdir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmiz islam həmrəliyinə sadiq qalaraq bütün beynəlxalq platformalarda bu həmrəyliyi müdafiə edir. Eyni zamanda Azərbaycan lazımi ölkələrə humanitar yardımların göstərilməsini təmin edir.

zeynal emreliyev esas

Zeynal Əmrəliyev

Azərbaycan həmçinin Qoşulmama Hərakatının sədri olaraq da təşkilat daxilində möhtəşəm işlərin görülməsini təmin edib. Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri olan möhtəşəm birlikdir və bu işdə Azərbaycanın rolu danılmazdır. Ölkəmizin ən güclü fəaliyyət göstərdiyi təşkilat şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır. Azərbaycan bu təşkilatın üzvü kimi türk dövlətləri arasında inteqrasiya prosesinin möhkəmləndirilməsi, ortaq türk mədəniyyətinin geniş yayılması, birgə layihələrin həyata keçirilməsi işində fəal iştirak edir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın yeri türk dünyasıdır. Ölkəmiz bu təşkilatın əsas üzvlərindən biri kimi təşkilatın güclənməsi üçün var qüvvəsi ilə çalışır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

media loqo 1

Rövşən Rza
Globalinfo.az

Paylaş: