Son illər Türk dünyasında mühüm yeniliklər, siyasi proseslər cərəyan edir. Bu ölkələr hər il yeni sazişlər imzalayır, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birlik, bərabərlik nümayiş etdirirlər.
Türk soykökünə malik ölkələr TDT-yə meyil edir, türk ölkələri ilə birlikdə addım atmaq sitəyir. Bu ölkələrdən biri də Macarıstandır. Rəsmi Budapeştin TDT və ümumilikdə türk dünyasına inteqrasiyası müsbət hadisə olsa da, bəzi ekspertlər deyir ki, macarlar əslində türk deyil. Onların ortaq atadan gəldiyi, daha çox slavyan və ya alman etnoslarına yaxın olduğu iddia edilir.
Bu barədə Globalinfo.az-a danışan tarixçi Zaur Əliyev məşhur macar alimi prof.dr.Laszlo Rasonyidən sitat gətirib:
“O yazır ki, “finn-uqor əsilli qövmlə zaman-zaman böyük ölçüdə qaynayıb-qarışan türk qövmləri macarların ən yaxın qohumları sayıla bilərlər”.
Qədimdən kökləri Hun oymaq birliyinə daxil olan Avar, Göytürk, Bulqar konfеdеrasiyaları kimi türk ünsürləri daha sonra Uyğur, Qarluq, Xəzər və bəlkə də Macar adı ilə həyatlarını davam еtdiriblər.
Macarıstan krallığını quran türk Arpad boyu da Xəzərlərin bir qoludur. Arpadlar Xəzərlərin Kabar qoluna mənsub bir boy kimi tarix səhnəsinə çıxmış, daha sonra Avropaya köçərək Macarıstan krallığını qurmuşdular.
Gəlin bir məsələyə aydınlıq gətirək. Böyük Hun İmperatoru Atillanı macar millətinin atası saymaq düzgün deyil. Macar millətinin atası Xəzər xaqanlığından bu torpaqlara köç edən Arpad hesab olunur. Sübut üçün Budapeştin tarixi Milenyum meydanında da Arpadın nəhəng heykəlini göstərə bilərəm.
Arpad 845-907-ci illər arasında, Atilla isə 406-453-cü illər ərzində yaşayıb. Klassik və rəsmi macar tarixinə görə, Arpad Magyar qəbilələrini Kan müqaviləsi vasitəsilə birləşdirdikdən sonra macar milləti ortaya çıxıb. Arpad macar qəbilələrini IX əsrdə Karpat hövzəsinə gətirib, 895-902-ci illərdə isə Karpat hövzəsi onun başçılıq etdiyi macarlar tərəfindən fəth edilərək macar yurduna çevrilib”.
Zaur Əliyev
Z.Əliyev deyib ki, qeyd olunan faktlardan da göründüyü kimi, rəsmi macar tarixi Atilla ilə hər hansı bir əlaqənin olduğunu göstərmir:
“Atillanın ölüm tarixi Arpadın macar qəbilələrini bir mərkəzdə birləşdirdiyi tarixdən 442 il əvvələ təsadüf edir. Arpaddan tam 442 il əvvəl Atilla Macarıstan tərəfindən “macar millətinin atası” kimi qəbul olunmur. Hər hansı arxeoloji və ya antropoloji araşdırmaya əsaslanan qaynaq olmamasına baxmayaraq, türk tarixçilərin Atillanı “macarların atası”, yaxud “macarların Attilanın nəvələri olduğu” fikrini niyə israrla söylədikləri bəlli deyil.
Arpad türklərin Kabar qoluna məxsus tayfadandır. Əslində, Kəbər oymağı adlanır. Bu tayfanın Y-DNT genealoji halqorupu R1a Z93 – SUR51 subkladıdır. Bu isə qədimdən Azərbaycanın Qarabağ-Zəngəzur bölgəsində yaşayan Kəbirli elinin halqorupu ilə eynilik təşkil edir. Hazırda Türkiyə, İran, İraq və digər Şərq ölkələrində, Orta Asiya respublikalarında, Gürcüstanda kəbirlilərin kompakt yaşadıqları xeyli ərazi, yaşayış massivləri mövcuddur. Qeyd edim ki, Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın həyat yoldaşı Hacı Əli bəy Kəbirlinin qızı Xanxanım xanım idi”.
Tarixçi alimin sözlərinə görə, macar xalqının atası sayılan Arpad Azərbaycanın Kəbirli oymağından olub, Xəzər xaqanlığı dövründə Şərqi Avropaya mühacirət edib, burda yeni bir millət formalaşdırıb:
“Onları başqırd, avar və digərləri ilə qarışdırmaq olmaz. Kəbirli tayfasının soykökünü formalaşdıran Kəbər oymağı məhz macarların ulu babaları sayılmalıdır. Bu oymağın yaşadığı torpaqlar isə Qarabağ-Zəngəzur bölgəsi sayıla bilər. Bir sözlə, oğuzların bir qoludur.
Andras Biro
Macar-Turan Fondunun sədri Andras Biro bunu təsdiq edir: “Biz hunların nəvələriyik. Oğuzlardan, türklərdən gəlmişik”.
Macarlar tarixən türk boylarından olan Hunlar, Oqurlar, Onoqurlar, Avarlar, Sabirlər, Göytürklər, Xəzərlər, Pеçеnеqlər, Uzlar, Qıpçaqlar və Fin-Uqorlarla qaynayıb-qarışmış xalqdır. Macarların xristian olmadan əvvəlki inancları şamançılıq idi. X əsrdə macarlar xristianlığı qəbul еtməklə Avropa xristian mədəniyyətinə daxil olmuş və bununla da Avropada mövcudluqlarını qoruyub saxlamışlar. Türk boylarından miras qalan yüzlərlə önəmli sözləri macarlar tarixən işlətmiş və bu gün də işlətməkdədirlər. Macarların rütbələri, savaş taktikası, hərbi təşkilatları da tarixən tamamilə türk üsulu ilə idi. Macar folklor və xalq musiqisi bu gün də qədim türk ünsürlərini qoruyub saxlayır.
Macar-türk еtnik bağlılığının macar oymaq və qədim şəxs adlarında, qədim macar yazılarında və mədəni abidələrində izləri qalıb. Macarların türk mənşəli qövmlərindən olan sеykеylərin ənənəvi adət-ənənələri, oymaq quruluşları bütünlüklə türk xaraktеrlidir. Macarların türk kökündən gələn oymaqlarının – Yormatı, Kurt, Kеr, Kеsi, Tarxan, Ynaq – adı türkcədir. Bizans impеratoru Konstantinin yazdığına görə, macarlar türkcə danışırdılar.
Ümumilikdə, Macarıstanın türk dünyası ilə əlaqələri xüsusi diqqətə layiqdir. Bu ölkə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusuna malikdir”.
Turan Rzayev
Globalinfo.az