Avropa Parlamenti Şarl Mişelin əl-qolunu bağladı? – Ekspertlər qətnamə olayını şərh edirlər

Avropa İttifaqının strukturu olan Avropa Parlamenti neçənci dəfədir Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul edir. Rəsmi Bakının Aİ ilə normal münasibəti var. İndiyə kimi Aİ Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə İlham Əliyevlə Nikol Paşinyanın bir neçə dəfə görüşü keçirilib. Sonuncu belə görüş dekabrın əvvəlində olmalı idi, Fransanın yersiz müdaxiləsi bu görüşün baş tutmasına imkan vermədi.

Maraqlıdır, 18 yanvar tarixində Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədən sonra Aİ danışıqlarda necə tərəfsiz mövqe kimi qəbul edilə, bu təşkilatın prezidentinin moderatorluğu ilə necə Azərbaycan-Ermənistan danışıqları aparıla bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Avropa parlamenti Avropa İttifaqının strukturu olsa da orda qəbul edilən qətnamələr ittifaq üçün elə də vacib əhəmiyyət daşımır:

Elxan Şahinoğlu

“Çünki parlamentdə bir çox ölkədən deputat təmsil olunur. Ermənipərəst Fransa və ya bir digər ölkənin deputatlarının hazırladığı qətnamə Brüsselin rəsmi Bakı ilə münasibətlərinə təsir etmir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 2022-ci ildə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 4 mühüm görüş keçirildi. Mişel bu görüşlər ilə balansı maksimum dərəcədə qorumağa çalışırdı.

Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında da bildirdi ki, Brüssel formatı çərçivəsində danışıqlara qarşı deyilik.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa İttifaqının enerji təminatında həm alternativ, həm də etibarlı tərəfdaş ölkədir. Bu mənada hesab edirəm ki, Avropa Parlamentinin verdiyi bəyanat Bakının Brüsselə olan münasibətlərinə təsir etməyəcək. Dialoqumuz bundan sonra da davam edəcək. Hesab edirəm, bu il də Brüssel formatı çərçivəsində Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü şahidi olacağıq”.

Globalinfo.az-a danışarkən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə deyib ki, 18 yanvar tarixində Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə obyektivlikdən tamamilə uzaq, qərəzli, yalan dolu, böhtan xarakterli bir kağız parçasıdır:

Çingiz Qənizadə

“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bu sənəd ilk növbədə beynəlxalq hüquqa ziddir. Çünki onların iddia etdiyi kimi, Azərbaycan öz vətəndaşı hesab etdiyi Qarabağda yaşayan erməniləri blokadaya almayıb və almaq niyyəti də yoxdur. Bunu biz yox, hətta Xankəndindəki separatçılara rəhbərlik edən cinayətkarlar belə özləri etiraf edirlər.

Avropa Parlamenti Ermənistanın revanşist siyasətinə dəstək verməklə bölgədə sülhün, sabitliyin təmin olunmasına deyil, onun dondurularaq, gərginliyin davam etməsində maraqlı olduğunu nümayiş etdirmiş oldu.

Avropa bir daha öz simasızlığını, ikiüzlü siyasətini açıq şəkildə büruzə verdi. Məsələ ondadır ki, 30 ildən artıq müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə Azərbaycanın vətəndaşının öz yurdundan didərgin düşməsini, yurd yerlərinin, tarixi-mədəni-dini abidələrinin, təbiətinin vəhşicəsinə məhv edilməsini, milyardlarla dollar həcmində ziyan vurmasını gözləri ilə görsələr də görməzlikdən gəlirlər.

Onlar bilməlidirlər ki, Azərbaycan məsuliyyəti öz üzərinə götürərək, məhz həmin beynəlxalq strukturların münaqişənin tənzimlənməsi ilə bağlı qəbul etdiyi sənədlərin icrasını həyata keçirdisə, sülh sazişini də imzalamağa nail olacaq. Heç bir qüvvə Azərbaycana hədəflərinə nail olunmasında maneə yarada bilməz”.

Turan Rzayev
Globalinfo.az