makron64 900x575 1

Fransada beynəlxalq vəziyyətlə əlaqədar kritik toplantı keçirilir.

Globalinfo.az xəbər verir ki, Prezident Emmanuel Makron müxtəlif siyasi partiyaların aparıcı nümayəndələrini ölkənin hərbi və kəşfiyyat rəhbərləri ilə eyni masa arxasında toplayıb.

Yelisey Sarayının açıqlamasında toplantının keçirilmə səbəb kimi son günlərdə beynəlxalq vəziyyətin sürətlə pisləşməsi göstərilib.

Görüşdə Baş nazir Sebastyan Lekornu ilə yanaşı, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri də iştirak edib.

Siyasi liderlərlə yanaşı, Fransanın daxili və xarici kəşfiyyat qurumlarının rəhbərləri, hərbi kəşfiyyat rəsmiləri, milli təhlükəsizlik üzrə məsul şəxslər və yüksək rütbəli hərbçilər də toplantıya qatılıb. Enerji məsələlərinə cavabdeh yüksək səviyyəli rəsmilər də görüşdə iştirak edib.

Toplantının ən diqqətçəkən məqamlarından biri siyasi liderlərə təhlükəsizlik brifinqinin təqdim olunmasıdır.

Fransa hökumətindəki mənbələrin yerli mediaya verdiyi məlumata görə, görüş zamanı siyasi liderlərlə yalnız Prezidentin malik olduğu məxfi məlumatlar paylaşılacaq.

Yelisey Sarayı bildirib ki, müzakirələr zamanı Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də onların Fransanın təhlükəsizliyinə və enerji təchizatına təsirləri nəzərdən keçiriləcək.

Qedy edək ki, Fransadakı bu kritik toplantı Avropanın şərqində təhlükəsizlik narahatlığının artdığı bir vaxta təsadüf edir.

Polşanın Baş naziri Donald Tusk kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın Ukraynanı dəstəkləyən NATO ölkələrinə qarşı pilotsuz uçuş aparatları və raketlərlə “hibrid hücumlar” planlaşdırdığı barədə xəbərdarlıq edib.

Tusk qarşıdakı bir neçə aya dair ssenarinin “ciddi hadisələri” ehtiva etdiyini bildirərək polşalıların çətin sınaqlara psixoloji cəhətdən hazır olmalarının vacibliyini vurğulayıb.

Almaniya da NATO-nun şərq cinahındakı hərbi mövcudluğunu gücləndirir. Berlinin Litvada yaratdığı briqadanın 2027-ci ilin sonuna qədər təxminən 4 800 hərbçi ilə tam gücünə çatdırılması planlaşdırılır. Personal çatışmazlığının aradan qaldırılması üçün yüzlərlə hərbçinin Litvaya göndərilməsi də gündəmdədir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: