Avropa çempionatı: Bu güləşçilərimiz gümüş medal qazandı – YENİLƏNDİ

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 130 kq çəki dərəcəsində çıxış edən idmançı Rza Kayaalpla (Türkiyə) üz-üzə gəlib.

Rəqibinə məğlub olan Şəriəti gümüş medalla kifayətlənib.

87 kq-dakı İslam Abbasov isə bürünc medal qarşılaşmasında Laşa Qobadzeyə uduzaraq (Gürcüstan) beşinci yeri tutub.

***

Azərbaycanın iki güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Taleh Məmmədov Leri Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.

Rəqibinə məğlub olan Məmmədov yarışın gümüş medalına sahib çıxıb.

55 kq-da ikiqat qitə çempionu Eldəniz Əzizli isə eyni raundda Adem Uzuna (Türkiyə) uduzaraq gümüş medalla kifayətlənib.

Bu gün, həmçinin, 130 kq-dakı Sabah Şəriəti finalda Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

***

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Globalinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov yarımfinalda Türkiyə təmsilçisi Murat Fırata qalib gəlib.

72 kq çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə də yarımfinalda Türkiyə təmsilçisinə – Selcuk Cana qalib gəlib.

Həsrət Cəfərov qızıl medal uğrunda Coni Xetsuriani (Gürcüstan), Ülvi Qənizadə isə İbrahim Hassan Qanemlə (Fransa) görüşəcək.

“Klassik”lərin liderlərindən olan Rafiq Hüseynov isə finala yüksələ bilməyib.

82 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda əzəli rəqibi, Türkiyə təmsilçisi Burhan Akbudağa məğlub olub.

O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.

60 kq-dakı Nihat Məmmədli isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

***

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından Globalinfo.az-a bildirilib ki, yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə “tuş”la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb – 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə üz-üzə gələcək.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib – 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub – 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə güləşəcək.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb – 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb – 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka “tuş”la uduzub. Rafiq bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) – Roland Şvarts (Almaniya) görüşünün qalibiylə qarşılaşacaq.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Qeyd edək ki, təsəlliverici və medal görüşləri aprelin 23-də keçiriləcək.