“Atəşkəs olacaq, Zelenskini isə Saakaşvilinin aqibəti gözləyir”

“Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvilinin görüntüləri adamı üzür. Dövlət başçısı ilə heç bir halda belə rəftar etmək olmaz. Köklü dövlətlərdə bu cür hallar mümkünsüzdür. Lakin təəssüf ki, belə hallar dövlətçilik qaydalarını yeni mənimsəyən və ya hələ də mənimsəməyən ölkələrdə baş verir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin xəstəxana görüntülərinin yayılması haqda danışarkən deyib.

O bildirib ki, belə hallar dövlətin imicinə xələl gətirir:

“Gürcüstanda Saakaşviliyə qarşı atılan addımlar istər hakimiyyət, istərsə də ölkənin imicini zədələyir. Belə bir hal Zelenski üçün də gözləniləndir. Həmişə demişəm ki, Zelenski də Saakaşvili kimi Qərbin layihəsidir”.

Politoloqun sözlərinə görə, artıq Zelenski əvvəlki qədər populyar deyil:

“Onsuz müharibələr atəşkəslə bitir. Rusiya və Ukrayna arasında gec-tez atəşkəs elan olunacaq. Bununla bağlı artıq xəbərlər də sızmağa başlayır. Bu atəşkəs olandan sonra Ukrayna xalqı reallıqları tam anlayacaq və beləliklə Zelenski hakimiyyətdə çox qalmayacaq.

Zelenski Saakaşvilinin aqibətindən daha betər vəziyyətlə qarşılaşa bilər. Ən yaxşı halda isə o, hakimiyyətdən gedəcək, çünki budəfəki seçkilərdə xalq ona etimad göstərməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az