Gərginlik pik həddə – Ermənistana ordu yeridilə bilər

İrəvanın mərkəzində Paşinyanın istefası tələbi ilə mitinqlərin keçirilməsi Ermənistanda hakimiyyət dəyişikliyi iddialarının güclənməsinə səbəb olub.

Maraqlıdır, bu kimi qarşıdurmalar Paşinyanın hakimiyyətdən getməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistanda baş verən mitinqləri iki istiqamətdə qiymətləndirməliyik:

“Birincisi, Münhen görüşündən sonra Paşinyanın Bakının tələbləri yönündə, xüsusən də konstitusiya, gerb və himnin dəyişdirilməsi barədə söz verməsi iddiaları gündəmdədir.

İkincisi isə Rusiyanın Ermənistanda rusyönümlü şəxsi hakimiyyətə gətirməsi arzusudur. Rusiya Ermənistanda strateji məqsədinə nail olmaq üçün baş verənləri həm daxildən, həm də xaricdən dəstəkləyir.

İrəvanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycan ilk növbədə sülh sazişinin imzalanması, sərhədlərin tanınması, delimitasiya, demarkasiya, Zəngəzur dəhlizinin açılması və 8 kəndin geri qaytarılmasında maraqlıdır”.

Hərbi ekspert qeyd edir ki, Paşinyan müxtəlif platformalardan fərqli yanaşmalar sərgiləsə də, sülh sazişində qəti mövqe göstərməyib:

“Fransa və Avropa İttifaqı bu məsələdə rol oynayır. Rusiyanın isə Zəngəzur dəhlizinə nəzarət planı var, lakin Paşinyan buna mane olur.

Mövcud şərait Ermənistanda növbəti qarşıdurmaya və üçüncü qüvvələrin hərbi müdaxiləsinə səbəb ola bilər”.

Politoloq Samir Hümbətov Paşinyanın hakimiyyətdən gedəcəyini düşünmür:

“Onun hakimiyyətdən getməsi müəyyən qurumların istəyi ola bilər, lakin bunu bütün erməni cəmiyyətinə aid etmək doğru deyil.

Paşinyan hakimiyyətdən gedərsə, Azərbaycan-Ermənistan münasibətlərinə mənfi təsir edəcək. Qarabağ klanı, yaxud da müxalifətin hakimiyyətə gəlməsi fonunda danışıqlar prosesinin pozulması qaçılmazdır. Bununla da xaotik durum yaşanacaq”.

Safura Bənnayeva
Globalinfo.az