Ermənistan və Türkiyə enerji sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində mühüm addım atmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan məlumat verib.

Nazirin sözlərinə görə, məsələ Parisdə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyənin energetika naziri Alparslan Bayraktar ilə müzakirə olunub.

Görüş zamanı tərəflər iki ölkənin enerji sistemlərinin sinxronlaşdırılması imkanlarını dəyərləndiriblər. Bildirilib ki, belə bir addım həm iqtisadi baxımdan əhəmiyyətli faydalar verə, həm də elektrik şəbəkələrinin dayanıqlığını artıra bilər.

Xudatyan qeyd edib ki, artıq bu istiqamətdə konkret qərar qəbul olunub. Belə ki, enerji sistemlərinin birləşdirilməsi üçün tələb olunan investisiya həcmini müəyyənləşdirmək məqsədilə xüsusi araşdırma aparılacaq.

“Biz bu işə yaxın zamanda başlamağa hazırıq və Türkiyə tərəfinin də eyni yanaşmanı nümayiş etdirəcəyinə ümid bəsləyirik”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, mümkün enerji inteqrasiyası regionda iqtisadi əməkdaşlığın genişlənməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: