AHİK-də İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirildi – FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları iştirak ediblər.

Geniş məruzə ilə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu demokratik siyasi fəaliyyətindən, son 20 ildə Azərbaycanın dinamik və davamlı inkişaf tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlardan söz açıb.

Bildirib ki, Prezident seçildikdən sonra cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına start verdi: “Bu günədək ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı əsasında Azərbaycanın hər bir bölgəsində misilsiz quruculuq işləri həyata keçirilib, qısa zamanda regionların siması büsbütün dəyişib. Əhalinin məşğulluğu üçün minlərlə yeni iş yeri açılıb. Xatırladım ki, ilk dövlət proqramının icrasına başlanarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyon dollar idi. Bu gün isə iqtisadi göstəricilərə nəzər yetirdikdə rekord göstəricilərə şahidlik edirik. Son 20 il ərzində, ümumi daxili məhsul 4 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. 20 ildə ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. İyirmi il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda ölkədə yoxsulluq 5,5 faiz təşkil edir. 20 ildə iqtisadiyyatımız 3,5 dəfə artıb. 2022-2023-cü illərdə strateji valyuta ehtiyatlarımız 14,5 faiz artaraq 67 milyard ABŞ dollarına çatdırılıb”.

Onun sözlərinə görə, Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır: “Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, idxalçıdan ixracatçıya çevrilib. 1994-2020-ci illər ərzidə Azərbaycan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və “Cənub qaz dəhlizi” layihələrini reallığa çevirib”.

“Ən islahatçı Prezident kimi tanınan cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə ölkəmizdə ümumxalq referendumu keçirildi. Ölkədə yeni vitse-prezidentlik institutu yaradıldı. Dövlət başçısının 2017-ci il sərəncamına əsasən, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həmin dövrdə həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada misilsiz işlər həyata keçirirdi. Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər oldu”, – Milli Məclisin deputatı deyib.

Səttar Möhbalıyev qeyd edib ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı: “Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğala son qoydu. Bu il aprelin 23-də isə Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmaqla ərazi bütövlüyümüz tam bərpa edildi. Sentyabrın 19-da isə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan suverenliyi tam təmin etmiş oldu. Əgər Prezident hansısa sözü deyirsə və ya hansısa vədi verirsə, onu mütləq tezliklə reallığa çevirir. Cənab İlham Əliyev hər zaman deyirdi ki, gün gələcək əli Azərbaycan xalqının qanına batmış, xalqımıza qarşı terror aktları törətmiş hər bir separatçı cəzasını alacaq. Dövlət başçısının bu bəyanatının da reallaşması çox çəkmədi. Qondarma qurumun “rəhbər”ləri bir-bir həbs edilərək Bakıya gətirilməkdədirlər”.

AHİK sədri əminliklə ifadə edib ki, həmkarlar ittifaqlarının nümayəndələri hər zaman olduğu kimi, bundan sonra da cənab İlham Əliyevin ətrafında olacaq, onun bütün sahələrdə siyasətinə dəstək olacaq.

Tədbirdə həmçinin Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi YAP həmkarlar ittifaqı komitəsinin sədri Məhəmməd Məhərrəmov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək Prezident İlham Əliyevin dövləti idarə etmək məharətindən, şəxsi keyfiyyətlərindən, qəbul etdiyi bütün qərarlarda milli maraqlarımızı əsas tutmasından, eləcə də xalqa misilsiz xidmətlərindən bəhs ediblər.

Tədbirin sonunda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar AHİK-in Bəyanatı oxunub.

Malik Liftiyev
Globalinfo.az