
Aprelin 29-da respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Globalinfo.az xəbər verir ki, bu gün 15 ailə olmaqla 68 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Ballıcaya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli Ballıcaya köç edən sakinlərə yeni evlərində xoşbəxt həyat arzulayıb. Bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri də diqqətdə saxlanır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bununla da, Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərin daimi məskunlaşması təmin olunub. Kəndə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi prosesi bundan sonra da davam edəcək.
***14:02
Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Ballıcaya bu gün yola salınan köç karvanı 15 ailədən (68 nəfər) ibarətdir.
Bununla da Xocalı rayonunun Ballıca kəndinə 172 ailənin (811 nəfər) köçürülməsi təmin edilib.

***
Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
Aprelin 29-da yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
***08:53
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb.
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə – 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə – 68 nəfər köçürülüb.
Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xatırladaq ki, bu köç prosesi də daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə (609 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə (811 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.
