Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtona səfər edib. Səfər çərçivəsində Rusiya-Ukrayna müharibəsində konkret qərarların qəbul edilməsi, müharibənin sonlandırılması istiqamətində atılacaq addımların müzakirə ediləcəyi bildirilib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirilməsinə icazə vermir:
“Bu da Rusiyanın imkanlarını genişləndirir. Böyük Britaniya müharibənin gedişatını dəyişmək və Rusiyanı danışıqlar masasına qayıtmağa məcbur etmək üçün Kiyevi F-16 təyyarələrinin yeni partiyası və raket sistemləri ilə təchiz etməklə birbaşa Rusiyaya zərbələrin endirilməsinə çalışır. Ağ Evin Böyük Britaniya ilə bu məsələdə razılaşması gözlənilir.
Hazırkı müharibənin gedişatı ABŞ-ın maraqlarına cavab verir. Avropa isə müharibənin davam etməsində maraqlı deyil. Çünki hərbi xərclər artır və yeni təhlükəsizlik çağırışları ilə üz-üzə qalır. Ona görə də Rusiyaya mümkün zərərlərin artırılmasına və danışıqların başlanmasını tezləşdirməyə çalışır. Rusiya Prezidenti Vladimir Putin Qərbi mümkün zərbələrə cavab verməklə hədələyib.
Məhəmməd Əsədullazadə
Ümumiyyətlə, Rusiya yalnız bəyanatlardan o tərəfə keçməyəcək. Putin də müharibənin uzanmasının fərqindədir. Bu taktika Putinin geostrateji maraqlarına cavab verir. Ona görə də Qərbi hədələyir. Çünki Ukrayna Rusiyaya Qərbin raketləri ilə zərbələr endirsə, Kremldə və əhali arasında panika artacaq. Gələn həftədən Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirə bilər”.
Turan Rzayev
Globalinfo.az