ABŞ Rusiyaya dronlar verdiyinə görə İrana sərt sanksiyalar tətbiq edəcək – Beynəlxalq skandal

Bayden administrasiyası Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı olan dronlardan istifadə etməsindən sonra Tehrana qarşı “ciddi şəkildə sanksiyalar tətbiq edəcəyini” bildirib.

Rəsmi Vaşinqton Tehrana qarşı silah satışı və etirazların qəddarlıqla yatırılması ilə bağlı sanksiyalar tətbiq etməyə söz verib. Ağ Ev həmçinin İran daxilində etirazçıların sərt rejimə müqavimət göstərməyə davam etdiyi vaxt nüvə razılaşması üzrə danışıqlarda yaranmış çıxılmaz vəziyyətin tez bir zamanda həll olunacağına şübhə etdiyini bildirib.

Kiyev üzərində səmada bu dəfə İran tərəfindən yeni bir təhlükə var.

Ukrayna Rusiyanın paytaxta hücum etmək üçün istifadə etdiyi ölümcül dronlardan bəzilərinin İran tərəfindən istehsal edildiyini bildirir.

İran bunu inkar edir. Kreml isə şərh vermir.

Vaşinqtonda Ağ Evin mətbuat katibi Karin Jan-Pier Amerikanın Səsinin İran istehsalı olan dronlar və ABŞ-ın reaksiyası ilə bağlı suallarını cavablandırıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer: “Onlar (İranİ bu barədə həqiqəti söyləməyiblər və Ukraynada istifadə üçün Rusiyaya silah verdikləsini inkar edirlər. Bu arada, yeni məlumatlara əsasən, İran onların qarşı olduqlarını iddia etdikləri müdaxiləyə dəstək üçün daha da dağıdıcı silahlar satmağı düşünür. İndi biz ABŞ-ın həm Rusiya, həm də İranın silah ticarətinə qarşı sanksiyalarını fəal şəkildə tətbiq etməyə davam edəcəyik. Biz buradan İranın bu silahları Rusiyaya satmasını çətinləşdirmək üçün iş görəcəyik”.

Lakin təhlilçilər Qərbin İranı təcrid etmək üçün çox iş görə biləcəyini düşünmədiklərini deyirlər.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Antoni Kordesman: “Əgər söhbət nəticələrdən gedirsə, edə biləcəyiniz yeganə şey indiyə qədər etdiklərinizlə eyni olacaq, yəni, siz bu sistemləri təmin edən və satın alan, onlardan istifadə edən şəxsləri, korporasiyaları və komandaları seçə və onlara qarşı sanksiyalar tətbiq edə bilərsiniz. İndiki vaxtda bunun çox məhdud effektivliyi var”.

ABŞ hökuməti həmçinin sentyabr ayında əxlaq polisinin nəzarətində olan gənc qadının ölümündən sonra İranı bürümüş iğtişaşlar dalğası barədə də açıq danışıb.

ABŞ dövlət katibinin İraq və İran üzrə köməkçisinin müavini Cennifer Qavito: “Hazırda dünyanın gözü İranda ayağa qalxıb öz hüquqlarını, təkcə qadınların deyil, ümumi insan haqlarını müdafiə edən cəsur etirazçıların üzərindədır və onlar bunu etdiyi vaxt ABŞ onların yanındadır. Son günlər və həftələr ərzində rejimin gördüyümüz hərəkətlərinə görə cavabdehlik daşıması üçün bir sıra addımlar atmışıq”.

Onun sözlərinə görə, bura yüksək səviyyəli İran rəsmilərinə qarşı sanksiyalar və eyni zamanda ABŞ-ın iranlılara onların bir-biri ilə ünsiyyət qura və bir sıra mediaya çıxış imkanı əldə edə bilməsi üçün kommunikasiya dəstəyi daxildir.

Ağ Ev həmçinin Qərbin müzakirəçiləri və Tehran arasında nüvə razılaşmasına dair aylardır aparılan həssas danışıqların dalana dirənə biləcəyindən narahatdır.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer: “Hazırkı anda biz razılaşmanın tezliklə əldə olunacağını görmürük.”

Təhlilçilər bildirir ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan razılaşma İranda 2021-ci ildə keçirilən seçkilərdən sonra sərt xətt tərəfdarı prezidentin hakimiyyətə gəlməsi ilə təhlükə altındadır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Antoni Kordesman: “JCPOA İran seçkilərindən sonra çox ciddi problemlə üzləşib. İranda müəyyən dərəcədə demokratiya və fərqli fikirlər var idi. Ölkə hökuməti indiyə qədər din xadimlərindən müəyyən dərəcədə daha dözümlü olub. Hazırkı prezident isə bütün niyyət və məqsədlərinə görə din xadimidir və son dərəcə mühafizəkardır”.

Bundan sonra nə olacaq? ABŞ bildirir ki, İran hökuməti hərəkət etməlidir. Tehran da daxil olmaqla İranın şəhərlərində etiraz edənlər və dünya ölkələrində, eləcə də paytaxt Vaşinqtondakı nümayişçilər də bunu söyləyir.

Mənbə: Amerikanın Səsi