İranla Azərbaycan arasında gözlənilməz proseslər – Xudafərin görüşünün şok detalları

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi deyib ki, Prezident İlham Əliyev İbrahim Rəisi ilə Xudafərində görüşəcək. Məlumatda Novruz bayramından əvvəl Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəyi və liderlərin burada görüşəcəyi bildirilib.

Səfir qeyd edib ki, Araz üzərindəki körpüdə buraxılış məntəqəsinin, eləcə də Ağbənddəki körpü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsi istiqamətində də işlər davam etdiriləcək.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, iki ölkə prezidentinin sərhəddə birgə layihələrin açılışında iştirak etməsi təbii bir prosesdir:

“Azərbaycan və İran arasında hələ 2016-cı ildə Araz çayı üzərində Xudafərin su bəndinin tikilməsi və müştərək istifadəsi ilə bağlı razılıq əldə olunub. O zaman bilindiyi kimi, hələ o torpaqlar işğal altında idi. Lakin bu layihə imzalandı və İran orda bəndi inşa etdi. İndi güman edirəm ki, bəndin açılışı olacaq.

O bənd müştərək olacaq, suyunu iki tərəf müəyyən bölgü əsasında istifadə edəcək. Bundan başqa sərhəd-keçid məntəqəsi və yeni yolun açılışı olacaq. Eyni zamanda hər iki prezidentin sərhədə gedib yeni layihələrin açılışında iştirak etməsi o deməkdir ki, iki ölkə arasında siyasi münasibətlərdəki soyuqluq artıq aradan qaldırılır. Bu, son 3 ilin fonunda ciddi hadisədir və iki ölkə münasibətləri yenidən normallaşır”.

Turan Rzayev
Globalinfo.az