Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Donald Trampın Orbanla yaxın münasibətini nəzərə alsaq, onun həqiqətən andiçmədə nə üçün iştirak etməyəcəyi maraq doğurur.
ABŞ Macarıstan münasibətlərində soyuqluq yarana bilərmi?
Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Macarıstan və ABŞ arasında hər hansı soyuq münasibətlərin başlaması gözlənilən deyil:
“Bu kimi tədbirlər dövlət səviyyəsində aparılmalıdır. Donald Trampın andiçmə mərasiminə heç bir dövlət başçısı dəvət olunmayıb. İştirakda maraqlı olanlar öz şəxsi istəyi ilə gedə bilər. Bu baxımdan Macarıstanın Baş naziri Viktor Orbanın da iştirak etməməsi normaldır. Eyni zamanda həmin gün, yəni yanvarın 20-də Orban Macarıstanın Avropa İttifaqına sədrliyinin yekunlarına dair hesabatla çıxış edəcək. Getməməməsinin səbəbi də budur.
Ramiyə Məmmədova
Digər tərəfdən Tramp və Orbanın şəxsi münasibətləri çox yaxşıdır. Onların arasındakı isti münasibət və fikir mübadiləsi bunu deməyə əsas verir. Məsələn, Rusiya-Ukrayna nümunəsinə baxsaq, hər ikisinin mövqeyi eyni idi. Tramp və Orban müharibənin tez bir zamanda bitməsini, sakitlik yaranmasını istəyir. Bu məqsədlə Rusiya və Ukraynaya səfərlər edib, danışıqlar aparmağa çalışıb”.
Politoloqun sözlərinə görə, Bayden ilə Orabnın siyasəti üst-üstə düşmür:
“Co Bayden müharibənin daha çox qızışdırılmasının tərəfdarıdır. Ona görə də Baydenin hakimiyyəti dövründə Macarıstanla eyni yanaşma sərgilənməmişdi. Trampın hakimiyyəti müddətində iki tərəfin – ABŞ və Macarıstanın münasibətləri daha da yaxşı olacaq. Avropa İttifaqı ölkələri arasında Trampla yaxşı münasibəti olan ölkə Macarıstandır”.
Safura Bənnayeva
Globalinfo.az