ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının sədri Arman Babacanyan açıqlayıb.
Babacanyan səfərin 8 avqust razılaşmasının icrası prosesi çərçivəsində həyata keçiriləcəyini bildirib:
“Bu cür səfərlər konkretliyi ilə dəyərlidir. Ermənistan aydın, ölçülə bilən bir paket hazırlamalıdır:
Birincisi, TRIPP infrastrukturu üçün investisiya layihələri: yollar, logistika mərkəzləri, anbar, yük daşınması, sığorta, xidmət sektoru və s.
İkincisi, sərhəd və gömrük imkanlarının sürətli modernləşdirilməsi: insan alverinə qarşı sistemlər, tam rəqəmsallaşdırma, kibermüdafiə, yük daşınmasının idarəolunması.
Üçüncüsü, hüquqi təminatlar: şəffaf müqavilələr, müstəqil nəzarət, risklərin qarşısının alınması, investorun və dövlətin maraqlarının balanslı qorunması.
ABŞ-ın layihədə iştirakı Ermənistanı ünsiyyət, etimad və təhlükəsizlik mərkəzinə çevirmək üçün bir fürsətdir”.
Əliyar Xəlil
Globalinfo.az