
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə başladığı gündən etibarən bir sıra əsaslı dəyişikliklərə imza atmağa cəhdlər edir. Bunlardan biri də USAİD-in fəaliyyətinin dayandırılması ilə bağlı qərarın verilməsidir.
Burada diqqətçəkən məqamlar çoxdur. Belə ki, hazırda təşkilatın Qafqaz ofisi bağlanıb. USAİD-in Qafqazdakı fəaliyyəti Gürcüstan ərazisi olan, qondarma Abxaziya Respublikasında qadağan edilib. Missiyanın rəhbəri Con A.Pennel bölgədən çıxarılıb. Növbəti belə addımın Azərbaycandan gələcəyi gözlənilir.
Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də sözügedən təşkilatın ölkəmizdəki fəaliyyətinin qadağan edilməsinin vaxtının artıq çatdığını bildirmişdi.
“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev Rusiyada USAİD-in fəaliyyətinin qadağan edilməsini doğru addım kimi dəyərləndirmişdi.
“Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”, – Prezident demişdi.
Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da Gürcüstan XİN başçısı ilə görüşündə demişdi ki, USAİD-in Azərbaycanda fəaliyyəti dayandırıla bilər.
İlham Əliyevin bu bəyanatından ayyarım sonra D.Tramp USAİD-in fəaliyyətinin dayandırılması ilə bağlı addım atdı.

Hikmət Babaoğlu
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ABŞ-ın yeni administrasiyasının USAİD-in fəaliyyətinin dayandırılması ilə bağlı qəbul etdiyi qərar bu təşkilatın Birləşmiş Ştatların beynəlxalq nüfuzuna və imicinə vurduğu zərərlə bağlıdır:
“50 milyard dollara yaxın büdcəsi olan bu təşkilatın fəaliyyəti çox hallarda ABŞ-ın maraqları, yürütdüyü siyasət ilə üst-üstə düşməyib. Bir müddət əvvəl bəlli oldu ki, USAİD Suriya ərazisində terrorçuların maddi təminatı ilə məşğul olub, onların sosial problemlərinə ciddi vəsait ayırıbdır. Əfqanıstanda fəaliyyət göstərən radikal qurumlarla da əlaqəsi olduğu faktları aşkara çıxdı. Bəzi hallarda isə bu fəaliyyət koordinasiya edilməyib.
USAİD-in Azərbaycandakı fəaliyyəti də hər kəsə məlumdur. Bu təşkilatın fəaliyyət göstərdiyi ölkələrdə maliyyələşdirdiyi layihələrdə qeyri-şəffaflıq həmişə olub. Hesabatlılıq olmayıb, müxtəlif qlobal, universal dəyərləri milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər, ictimai şüurun manipulyasiyası da buna daxildir. Bəzi hallarda müxtəlif ölkələrin vətəndaşlarını öz maraqları üçün casusluq fəaliyyətinə cəlb ediblər. Göründüyü kimi bu təşkilat mövcud olduğu ölkələrin milli təhlükəsizliyi baxımından çox təhlükəli fəaliyyət göstərib.
Azərbaycan Prezidenti sözügedən məsələdən xəbərdar idi. Bir neçə ay öncə Rusiya telekanallarına müsahibəsi zamanı ona görə sözügedən məsələni qaldırdı. Trampın USAİD-in fəaliyyətini dayandıracağından bəhs etmişdi. Bunun ardınca, post-sovet məkanından belə bir addımların şahidi ola bilərik. Rusiyanın ardınca, Azərbaycan, Gürcüstan da eyni addımı ata bilər. Bütün bunlar USAİD-in ifşası və iflasıdır. Bu təşkilatın tamamilə ləğv edilməsi gözləniləndir”.

Fərhad Mehdiyev
Hüquqşünas Fərhad Mehdiyev isə məsələyə belə münasibət bildirib:
“USAİD müstəqil agentlikdir. ABŞ-da bütün agentliklər müstəqil olur, heç bir nazirliyə tabe deyillər. Görünür, sözügedən agentlik ABŞ-ın Dövlət Departamentindən ayrı siyasət yürüdürmüş. ABŞ Prezidenti isə bunu ləğv etmək qərarına gəlib. Yeni yaradılacaq qurum isə ABŞ Dövlət Departamentinə tabe olacaq. Rəsmi səbəb kimi göstərilir ki, USAİD Xarici İşlər Nazirliyi ilə razılaşdırılmadan müstəqil şəkildə siyasət yürüdür. Bu da onun ləğv edilməsi ilə nəticələndi.
Ümumiyyətlə, dövlət adından xarici siyasət adətən icra hakimiyyəti tərəfindən həyata keçirilir. Bu beynəlxalq, oturuşmuş bir praktikadır. Hətta parlamentdə belə bu məsələnin həll yolu yoxdur. Parlament daxili siyasətə qarışa bilir. Xarici siyasət icra hakimiyyətinin liderliyi ilə həyata keçirilir. USAİD isə özünün qərar verdiyi müəyyən layihələri dəstəkləməklə, xarici siyasətə qarışa bilir. Məsələ burasındadır ki, USAİD-in vəsaiti də elə ABŞ Konqresi tərəfindən verilir. Trampın bu qərarı ABŞ konstitusiyasına tamamilə uyğundur”.
Xatırladaq ki, daha öncə “Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trampın USAID-i Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını yazmışdı. Daha sonra isə ABŞ-ın Dövlət katibi Marko Rubionun USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi -red.) direktorunun səlahiyyətlərini icra edəcəyi barədə məlumat yayılıb.
Safura Bənnayeva
Globalinfo.az