ABŞ-ın Ermənistandakı yeni səfirinin ən tez 2026-cı ilin aprel–may aylarında təsdiqlənəcəyi gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan deyib.
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin yanvarın ortalarında ölkəni tərk edəcək. Halbuki onun diplomatik missiyası fevral ayında başa çatmalı idi. Qərb KİV-lərinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Co Bayden tərəfindən təyin edilmiş xaricdəki 30 diplomatı geri çağırır.
Sarkisyan Kristina Kvinin geri çağırılmasında Ermənistan–ABŞ münasibətləri kontekstində hər hansı siyasi motiv görmür. Onun sözlərinə görə, Ermənistan heç vaxt siyasi təyinatlar üçün prioritet istiqamət olmayıb və bu ölkəyə adətən Dövlət Departamentinin peşəkar diplomatları göndərilib. Ekspert hesab edir ki, növbəti səfir də Tramp administrasiyasına yaxın Dövlət Departamenti əməkdaşı ola bilər.
Ekspert qeyd edib ki, ABŞ-da səfir təyinatları uzun və mürəkkəb prosedurdur, çünki namizədlər Senat tərəfindən təsdiqlənməlidir. O, misal olaraq 2006-cı ildə səfir Con Evansın vəzifədən uzaqlaşdırılmasından sonra Ermənistanda təxminən bir il ABŞ səfirinin olmamasını xatırladıb. Həmçinin 2011–2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Senat tərəfindən təsdiqlənmədiyi üçün postu tərk etməsini nümunə göstərib.
Suren Sarkisyan Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyanın fəaliyyətinə də toxunub. O bildirib ki, Mkrtçyanın ABŞ prezidenti Donald Trampla görüşü sırf protokol xarakteri daşıyıb.
“Bu cür görüşlər bütün səfirlər üçün keçirilir və adətən 2–3 dəqiqə davam edir. Burada xüsusi siyasi məna axtarmağa dəyməz”, – ekspert vurğulayıb.
Əliyar Xəlil