ABŞ-a SƏRT XƏBƏRDARLIQ: “Hücumlarımız davam edəcək”

İranpərəst mövqeyi ilə tanınan İraq İslami Müqavimət Təşkilatı İraq və ABŞ arasında aparılan danışıqları tanımadığını və Vaşinqtona qarşı əməliyyatlarını davam etdirəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İraq İslami Müqavimət Təşkilatının yaydığı bəyanatda bildirilib:

“ABŞ-ın İraq və regionda öz zərərli məqsədlərini həyata keçirmək üçün aldadıcı siyasət yürütməsi səbəbindən İraq Parlamentinin xarici qüvvələrin ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qərar illərdir icra olunmur”.

Bəyanatda həmçinin əldə edilən razılaşmaya baxmayaraq ABŞ və onun rəhbərlik etdiyi koalisiyaya qarşı hərbi əməliyyatların davam edəcəyi açıqlanıb:

“Əməliyyatlarımız xarici qüvvələr İraqdan çıxana qədər davam edəcək”, – deyə bəyanatda vurğulanıb

Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi başlayandan bəri ABŞ və koalisiyasına qarşı hücumlar kəskin artıb. Belə ki,  İraq və Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı təxminən 150 hücum həyata keçirilib. Onların demək olar ki, hamısını İraq İslami Müqavimət Təşkilatı öz üzərinə götürüb.

Əliyar Xəlil,

Globalinfo.az