Milli Məclisin deputatı Məlahət İbrahimqızı alimentin ödənilmə müddətinin 18 yaşdan 23 yaşadək artırılmasını təklif edib. Onun sözlərinə görə, valideynləri boşanmış və ali təhsil alan övladlara da təhsil müddətində aliment ödənilməlidir. Deputat bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsini təklif edir.
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, qanunvericilikdə belə bir dəyişiklik edilərsə, uşaqlıq yaşının yuxarı həddi də 23 yaş müəyyən olunmalıdır:
“Bu halda hərbi xidmətə çağırış yaşı və digər hüquqi normalar da dəyişdirilməlidir. Bunun üçün Azərbaycan uşaq hüquqları haqqında Konvensiyanın tələblərindən kənara çıxmalı, müvafiq qanunvericiliyə dəyişiklik etməlidir”.
Vəkilin fikrincə, deputatlar bu məsələni düzgün təqdim etmirlər:
“Bəzən bəzi deputatlar nə təklif etdiklərini və nə danışdıqlarını bilmirlər, düşünmədən, sadəcə danışmaq xatirinə fikir səsləndirirlər. Ailə Məcəlləsinə əsasən, aliment şəxsin həddi-buluğa çatmasına qədər, yəni 18 yaşınadək ödənilir. Həm Mülki Məcəllədə, həm də uşaq hüquqları haqqında qanunda 18 yaş yetkinlik həddi hesab olunur.
Ramil Süleymanov
Bu yaşdan sonra şəxs öz hüquqlarını müstəqil həyata keçirir. Eyni zamanda, Azərbaycanda nikah yaşı da 18-dir. Əgər alimentin ödənilməsi 23 yaşadək uzadılarsa və həmin şəxs, məsələn, 19 yaşında ailə qurarsa, valideyn onun ailəsini də saxlamaq məcburiyyətində qalacaq? Bu, qətiyyən yolverilməzdir”.
R.Süleymanov bildirib ki, valideynlərin övladlarının ali təhsil xərclərini ödəməyə məcbur edilməsi də düzgün deyil:
“Övlad universitetə qəbul ola bilmirsə və ya ödənişli əsaslarla təhsil alırsa, bu, valideynin məsuliyyəti sayıla bilməz. Valideynin təhsil haqqını ödəmək imkanı yoxdursa, bu öhdəlik onun üzərinə qoyulmamalıdır. Ailə Məcəlləsinin 81-ci maddəsində də valideynlərin yalnız qanunda nəzərdə tutulan xüsusi hallarda, o cümlədən əlilliyi və sağlamlıq vəziyyəti ilə bağlı ehtiyacları olan övladların əlavə xərclərində iştirak etməsi nəzərdə tutulur”.
Ramil Süleymanov hesab edir ki, deputatın səsləndirdiyi bu təklif doğru deyil və daha çox ictimaiyyətə hesablanmış fikirdir:
“Mən təklif edərdim ki, Milli Məclisdə alimentin ödənilmə yaşının artırılması əvəzinə, aliment fondunun yaradılması, uşaqların aliment səbəbindən maddi çətinlik çəkməməsi və aliment ödəyə bilməyən valideynlərin məşğulluğunun təmin edilməsi məsələləri müzakirə olunsun. İnsanların əsəbləri ilə belə əsassız təkliflər üzərindən oynamaq lazım deyil”.
Zaira Akifqızı
Globalinfo.az