Azərbaycanda səhiyyə və sosial xidmətlər sahəsinə investisiyaların artması diqqət çəkir. 2026-cı ilin yanvar-oktyabr aylarında bu sahələrə əsas kapitala 108,9 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 20,3 faiz çoxdur.
İnvestisiyaların artması vətəndaşların keyfiyyətli tibbi xidmətə daha asan çıxışını təmin edəcəkmi? Eyni zamanda, sosial xidmətlərə yatırımlar aztəminatlı, yaşlı və qayğıya ehtiyacı olan insanların həyatında hansı dəyişiklikləri yarada bilər?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin İsrafil deyib ki, Azərbaycanda səhiyyə və sosial xidmətlər sahəsinə yönəldilən investisiyaların artması müsbət göstəricidir:
“Lakin səhiyyə iqtisadiyyatı baxımından investisiyaların həcminin artması ilə tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəlməsi arasında avtomatik səbəb-nəticə əlaqəsi qurmaq doğru deyil. Bu məsələni dəfələrlə, o cümlədən şəxsi səhifəmdə Hesablama Palatasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in fəaliyyəti ilə bağlı audit nəticələri çərçivəsində geniş müzakirə etmişəm. Hesab edirəm ki, Azərbaycan səhiyyəsinin əsas problemi maliyyə resurslarının azlığı deyil, mövcud vəsaitlərin effektiv tibbi xidmətə çevrilməməsidir. Əvvəla, səhiyyəyə ayrılan maliyyə vəsaitinin ildən-ilə artması iqtisadi baxımdan təbii və gözlənilən prosesdir. Tibb elmi inkişaf edir, yeni diaqnostika və müalicə metodları meydana çıxır, daha müasir texnologiyalar tətbiq olunur, innovativ dərman preparatlarına tələbat artır. Bütün bunlara inflyasiyanı, tibbi avadanlıqların, dərman vasitələrinin və tibbi sərfiyyat materiallarının qiymətlərindəki artımı, əməkhaqqı xərclərini, əhalinin yaşlanmasını və xroniki xəstəliklərin yaratdığı iqtisadi yükü də əlavə etmək lazımdır. Bu amillər səhiyyənin maliyyələşdirilməsinə olan tələbatı artırır”.
Mütəxəssis bildirib ki, səhiyyəyə ayrılan vəsaitin artması özlüyündə sistemin effektivliyinin göstəricisi hesab edilə bilməz:
“20,3 faizlik real investisiya artımı da tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının eyni nisbətdə yaxşılaşması demək deyil. Digər tərəfdən, Hesablama Palatasının 2023-2024-cü illər üzrə apardığı auditin nəticələrinə nəzər yetirsək, kifayət qədər ciddi mənzərə ilə qarşılaşırıq. Bank depozitlərinə yerləşdirilmiş vəsaitlərin ümumi investisiya portfelindəki payının qanunvericiliklə müəyyən edilmiş həddi aşdığı aşkarlanıb. Əlbəttə, fondun sərbəst maliyyə vəsaitlərinin investisiya alətlərinə yönəldilməsi özlüyündə yanlış yanaşma deyil. Bu, fondun maliyyə dayanıqlılığını təmin etmək mexanizmlərindən biridir.
Nərmin İsrafil
Lakin əhalinin qarşılanmamış tibbi ehtiyacları olduğu halda, səhiyyə proqramlarına ayrılmış vəsaitlərin vaxtında icra edilməməsi və həmin vəsaitlərin investisiya fəaliyyətinə cəlb olunması resursların bölüşdürülməsindəki prioritetləri ciddi şəkildə müzakirə etməyi zəruri edir”.
N.İsrafil qeyd edib ki, audit zamanı inzibati xərclərin artması, satınalma proseslərində səmərəsizlik, bəzi dərman vasitələrinin və tibbi sərfiyyat materiallarının ehtiyac sahiblərinə vaxtında çatdırılmaması, tibbi xidmət tariflərinin hesablanmasındakı nöqsanlar, eləcə də dövlət tibb müəssisələrinin maliyyələşdirilməsi mexanizminin sığorta prinsiplərinə tam uyğunlaşdırılmaması kimi problemlər də müəyyən edilib:
“Bütün bunlar göstərir ki, biz yalnız səhiyyəyə nə qədər vəsait ayrıldığını deyil, həmin vəsaitin necə idarə olunduğunu, hansı istiqamətlərə yönəldildiyini və nəticədə nə qədər ictimai fayda yaratdığını müzakirə etməliyik. Sosial xidmətlərə yönəldilən investisiyalara gəlincə, burada da eyni iqtisadi yanaşma tətbiq edilməlidir. Aztəminatlı ailələrin, yaşlıların, əlilliyi olan şəxslərin və uzunmüddətli qayğıya ehtiyacı olan insanların həyat keyfiyyətinin yüksəldilməsi üçün evdə qulluq xidmətlərinin, reabilitasiya mərkəzlərinin, gündüz qayğı müəssisələrinin və regionlarda sosial xidmət şəbəkəsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Sosial xidmətlərin inkişafının səhiyyə sistemi üçün də iqtisadi faydası var. Məsələn, yaşlı insanlara evdə lazımi qayğının göstərilməsi bəzi hallarda qarşısı alına bilən xəstəxanaya yerləşdirmə hallarının azalmasına, xəstəxanaların yükünün yüngülləşməsinə, ailə üzvlərinin əmək bazarında iştirak imkanlarının qorunmasına və uzunmüddətli perspektivdə dövlətin səhiyyə xərclərinin optimallaşdırılmasına xidmət edə bilər”.
Zaira Akifqızı
Globalinfo.az