tsahkna 1

Estoniyanın Azərbaycanda səfirliyinin açılması Tallinə siyasi dialoqu fəallaşdırmağa və Bakı ilə iqtisadi əməkdaşlığı genişləndirməyə imkan verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycana səfərinin yekunlarına dair “Report”a müsahibəsində bildirib.

“İkitərəfli münasibətlərimizdə ən mühüm hadisə Estoniyanın Bakıda səfirliyinin açılması oldu. Bu bizə siyasi dialoqu fəallaşdırmağa, iqtisadi əməkdaşlığı təşviq etməyə və ölkələrimiz arasında yeni təşəbbüslərin irəli sürülməsi üçün birbaşa platforma yaratmağa imkan verəcək”, – Tsahkna deyib.

Onun sözlərinə görə, Azərbaycan Estoniya üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır.

“Son illərdə ikitərəfli münasibətlərimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Əməkdaşlığımız ticarət, innovasiya, rəqəmsal transformasiya, təhsil və şirkətlər arasında işgüzar əlaqələr də daxil olmaqla geniş sahələri əhatə edir”, – o qeyd edib.

Nazir xatırladıb ki, Tallində keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının dördüncü iclasında iki ölkə ticarət, kənd təsərrüfatı, innovasiya, süni intellekt və “yaşıl” keçid kimi sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə sadiqliklərini təsdiqləyib.

“Estoniya şirkətləri artıq 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və biz gələcək inkişaf üçün böyük potensial görürük. Bu maraq 2025-ci ilin oktyabrında Bakıya səfərim zamanı əyani şəkildə nümayiş etdirildi: məni 15 Estoniya şirkətini təmsil edən işgüzar nümayəndə heyəti müşayiət edirdi. Biz bu uğuru inkişaf etdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirməyə davam etmək niyyətindəyik”, – Tsahkna deyib.

Onun sözlərinə görə, hökumətlərarası komissiyanın iclasında əməkdaşlığın daha da gücləndirilə biləcəyi bir sıra istiqamətlər müəyyən edilib.

“Bu imkanları konkret layihələrə və praktiki qarşılıqlı fəaliyyətə çevirmək üçün azərbaycanlı tərəfdaşlarımızla işi davam etdirəcəyik. Məqsədimiz sadədir: həm Estoniyanın, həm də Azərbaycanın müəssisələrinə, dövlət qurumlarına və vətəndaşlarına nəzərəçarpacaq fayda gətirəcək müasir, gələcəyə yönəlmiş tərəfdaşlıq qurmaq”, – o deyib.

Paylaş: