1705663269 nato rus

Almaniyanın Ağıl və Ədalət Alyansı (BSW) Partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdelen ölkəsinin NATO-dan dərhal çıxmasını təklif edib.

O, “NachDenkSeiten” nəşrində dərc olunan məqaləsində Almaniyanın mövcud siyasətinin Rusiyaya qarşı hərbi qarşıdurma riskini artırdığını iddia edib. Dağdelenin fikrincə, Şimali Atlantika Alyansı Ukraynadakı proksi müharibəsini Rusiya ilə açıq hərbi münaqişəyə çevirmək niyyətindədir.

“Onlar müharibəyə daha bir ölkəni cəlb etmək istəyirlər. Bu ölkə də Almaniyadır. Təklif edirəm ki, təcili olaraq ölkəmiz NATO-dan ayrılsın”, – deyə Dağdelen bildirib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, burada diqqət yetirilməli olan bir neçə mühüm məqam var:

“Birinci məqam, Almaniyanın ABŞ-dan strateji asılılığı məsələsidir. Soyuq müharibədən sonra Almaniya Avropanın ən güclü iqtisadiyyatlarından birinə çevrilsə də, təhlükəsizlik məsələlərində uzun müddət ABŞ-ın hərbi-siyasi təminatına arxalanıb. Lakin ABŞ-da Prezident Donald Trampın hakimiyyətə qayıtmasından sonra Vaşinqtonun Avropaya münasibətində dəyişikliklər, NATO üzvlərindən müdafiə xərclərini artırmaq tələbi və ABŞ-ın Avropadakı hərbi iştirakına dair müzakirələr Berlində müəyyən narahatlıqlar yaradıb. Dağdelenin çıxışı da məhz bu müzakirələrin fonunda səslənir.

İkinci məqam, Almaniyanın yenidən silahlanması və bunun iqtisadi-sosial nəticələridir. Dağdelenin arqumentlərindən biri də budur ki, NATO çərçivəsində müdafiə xərclərinin artırılması Almaniyanın sosial dövlət modelinə zərbə vuracaq. O, hərbi büdcənin genişləndirilməsi ilə sosial təminat, səhiyyə və digər sahələrə ayrılan vəsaitlərin azalması arasında əlaqə qurur. Bu, əslində, Almaniya cəmiyyətində daha geniş müzakirə predmetinə çevrilə biləcək məsələdir. Çünki ölkədə iqtisadi durğunluq və sosial xərclərlə bağlı problemlər mövcud olduğu halda, hərbi xərclərin artırılması hökumət üçün siyasi baxımdan həssas qərardır.

Üçüncü məqam isə Rusiyaya münasibət və Avropanın gələcək təhlükəsizlik sistemidir. Almaniyada Ukrayna müharibəsinə yanaşma ilə bağlı vahid siyasi mövqe yoxdur. Bir qrup siyasətçi Rusiyanın qarşısının alınması üçün NATO-nun hərbi imkanlarının artırılmasını vacib hesab edir, digər qrup isə bunun Moskva ilə birbaşa toqquşma riskini yüksəltdiyini düşünür. Dağdelen ikinci mövqeyi təmsil edir. Onun çağırışının mahiyyəti Almaniyanın Rusiya ilə münasibətlərdə hərbi qarşıdurma deyil, diplomatiya və neytrallıq xəttinə üstünlük verməsidir”.

1671105283 qabil huseynli
Qabil Hüseynli 

Politoloq bildirib ki, Dağdelenin təklifi Almaniyanın yaxın perspektivdə NATO-dan çıxacağı anlamına gəlmir:

“BSW hazırda Almaniyanın siyasi sistemində hakimiyyətə qərar verən əsas qüvvələrdən biri deyil və NATO-dan çıxmaq üçün ölkədə geniş siyasi konsensus yoxdur. Üstəlik, Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə əsasən, üzv dövlət Alyansdan çıxmaq niyyətini bildirdikdən bir il sonra təşkilatı tərk edə bilər. Deməli, bu çağırışın reallaşması üçün həm siyasi, həm də institusional maneələr kifayət qədər böyükdür.

Məncə, bu bəyanatın əsl əhəmiyyəti Almaniyanın NATO-dan çıxmaq ehtimalından daha çox, Avropada transatlantik münasibətlərə inamın zəifləməsini göstərməsidir. Tramp administrasiyasının Avropa ilə münasibətlərdə daha sərt və tələbkar mövqe sərgiləməsi, ABŞ-ın təhlükəsizlik təminatlarının gələcəyi ilə bağlı suallar və Ukrayna müharibəsinin uzanması Avropa ölkələrini öz strateji seçimlərini yenidən nəzərdən keçirməyə vadar edir.

Hesab edirəm ki, yaxın perspektivdə Almaniyanın NATO-dan çıxması real ssenari deyil. Lakin Berlinin ABŞ-dan daha müstəqil təhlükəsizlik siyasəti yürütmək, Avropanın müdafiə imkanlarını gücləndirmək və Rusiya ilə münasibətlərdə diplomatik kanalları açıq saxlamaq istiqamətində müzakirələri genişlənə bilər. Əsas sual Almaniyanın NATO-da qalıb-qalmaması deyil, gələcəkdə bu Alyans daxilində nə dərəcədə müstəqil siyasi qərarlar verə biləcəyidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: