Azərbaycan və Estoniya arasında iqtisadi və hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Hazırda iki ölkə arasında mövcud olan müqavilə-hüquq bazasının genişləndirilməsi üçün 8 sənəd üzrə işlər davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, ölkələr arasında ümumilikdə 16 sənəd mövcuddur və onlardan 8-i üzrə müvafiq işlər davam edir.
Onun sözlərinə görə, yaxın gələcəkdə həmin sənədlərin qüvvəyə minməsi gözlənilir.
Ceyhun Bayramov iqtisadi əlaqələrə də toxunaraq, iki ölkə arasında ticarət dövriyyəsinin mövcud həcmini qənaətbəxş hesab etmədiyini vurğulayıb.
O qeyd edib ki, ötən il Azərbaycandan Estoniyaya ixracın həcmi 32 milyon ABŞ dolları, Estoniyadan Azərbaycana idxal isə 25 milyon ABŞ dolları təşkil edib. Nazir son dövrlərdə iki ölkə arasında əlaqələrin intensivləşməsinin gələcək əməkdaşlıq baxımından ümidverici olduğunu vurğulayıb.
Zaira Akifqızı
Globalinfo.az