N82676613 71890838

“İraq hökuməti Babildə “Kətaib Hizbullah”la qarşıdurmanı qarşılıqlı razılaşma əsasında həll etdikdən sonra hazırda iki əsas istiqamətdə hərəkətlilik var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Rövşənoğlu deyib.

Politoloq bildirib ki, İraq hökuməti ilk olaraq bundan sonra sərhədləri ordunun deyil, sərhəd xidməti (sərhəd polisi) qüvvələrinin mühafizə edəcəyini açıqladı:

“Eyni zamanda ordu böyük şəhərlərdən çıxacaq, əsasən şəhər kənarında və kazarmalarda yerləşəcək. Bununla da sabitlik polis və təhlükəsizlik xidməti tərəfindən təmin olunacaq, ordunun isə təlim üçün vaxtı olacaq.

İkincisi, kürd muxtariyyəti ərazisində sərhəd mühafizəsi İraq dövlətinin müvafiq qurumlarına veriləcək. Yəni sərhəd İraq mərkəzi hökuməti tərəfindən mühafizə olunacaq, kürd muxtariyyəti qüvvələri olmayacaq.

Amma bununla da kifayətlənilməyib, İraq sərhəd keçid məntəqələri idarəsinin rəisi işdən çıxarılıb, Kərkük əməliyyat komandiri, Kərkük polis rəisi, enerji polisi briqadası komandiri işdən azad edilib.

İraq öz neftini 12 illik fasilədən sonra Türkiyə üzərindən daşımağa başladı. Üstəlik, hazırda Suriya ərazisindən Banyas limanına daşınır, İordaniya üzərindən isə kəmər inşa edilir.

Amma daha vacibi budur ki, 2028-ci ildə İnkişaf Yolu layihəsi işə düşür. İraq mərkəzi hökuməti bu zamana qədər kürdlərin ərazi üzərindəki təsirini zəiflətmək, ən əsası neft oğurluğunun qarşısını almaq istəyirlər. İraq mərkəzi hökuməti bildirir ki, ötən 10 ildən çox müddət ərzində 300 milyard dollardan artıq neft gəliri oğurlanıb. Əlbəttə, əsasən də kürd muxtariyyəti, yəni Bərzani ailəsi tərəfindən. İndi Bağdad bu məsələnin qaldırmaqla Ərbilə təzyiq edir, neft satışını və ərazi üzərində nəzarətini möhkəmləndirir.

kenan rovsenoglu 1 900x637 1
Kənan Rövşənoğlu

ABŞ səfiri və İraq üzrə nümayəndə Tom Barrak Suriyada olduğu kimi, İraqdakı kürd əməliyyatına dəstək verib.

Bu əməliyyatın bir tərəfi İraq dövlətini gücləndirmək, regionda əsas güc mərkəzlərindən birinə çevrirməkdir.

Baş nazir Əli Zeydi isə yaranmış vəziyyətdən istifadə edərək silahlı qruplara qarşı əməliyyatın bir tərəfli, yəni yalnız şiə silahlı qruplaşmalarına qarşı əməliyyat olmadığını, digər qruplara qarşı da olduğunu, məqsədinin İraq mərkəzi hakimiyyətini gücləndirmək olduğunu göstərməyə çalışır.

Maraqlıdır, Türkiyənin reaksiyası necə olacaq? Ankara Barzanilərlə əməkdaşlıq edir. Ancaq onu da unutmaq olmaz ki, 2017-ci ildə Məsud Bərzani müstəqillik referendumu keçirəndə İran və Türkiyə birləşərək kürdlərə qarşı İraqın hərbi güc tətbiqinə dəstək vermişdi.

Yeri gəlmişkən, ötən həftə kürd muxtariyyətinin ikinci əsas hərbi-siyasi gücü olan Talabani ailəsi Bərzanilərə qarşı çıxıb, faktiki olaraq muxtariyyəti bölüb. Bu da bir mənada Bağdadın əlini gücləndirir.

Ancaq daha maraqlısı odur ki, Talabanilər İranla yaxın hesab olunurdu. Lakin görünür, oralarda artıq münasibətlər sistemi dəyişib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: