
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hökumət binası qarşısında aksiya keçirən Qarabağ erməniləri ilə mübahisə edib. Etirazçılar onu Qarabağa xəyanətdə ittiham edərək “Arsax Ermənistandır” şüarı səsləndiriblər.
Globalinfo.az xəbər verir ki, Simonyan aksiya iştirakçılarının çağırışına ironik şəkildə cavab verib.
“Mən də sizi çox sevirəm. Bəs siz burada nə edirsiniz?” – deyə o, etirazçılara müraciət edib.
Aksiya iştirakçılarından biri isə Simonyanın ünvanına “Siz Arsaxa xəyanət etmisiniz, məhz buna görə buradayıq” ifadəsini işlədib.
Jurnalistlərin diqqətini Qarabağdan köçmüş ermənilərin pasportlarında doğum yeri kimi Azərbaycanın göstərilməsinə yönəltməsi də tərəflər arasında mübahisəyə səbəb olub.
Simonyan bu məsələyə münasibət bildirərkən həmin şəxslərin hansı ərazidə dünyaya gəldiklərini və doğum zamanı “Arsax” adlı müstəqil dövlətin mövcud olub-olmadığını sorğulayıb.
Onun sözlərinə görə, rəsmi sənədlərdə doğum yeri emosional yanaşmaya əsasən deyil, şəxsin faktiki doğulduğu əraziyə uyğun göstərilməlidir.
Simonyan özünün də müxtəlif vaxtlarda Rusiya və Fransada yaşadığını xatırladaraq, yaşayış yerinin insanın doğum yeri ilə eyni olmadığını vurğulayıb.
O, həmçinin Qarabağ ermənilərinin pasportlarında doğum yeri ilə bağlı məlumatın dəyişdirilməsi tələbinə etiraz edərək, beynəlxalq sənədləşmə qaydalarının da bu prinsipə əsaslandığını bildirib.
Təhlükəsizlik Şurasının katibi çıxışının sonunda bu məsələnin emosional müstəviyə keçirilməsini tənqid edib və Qarabağ ermənilərinin etirazlarının arxasında hansı məqsədin dayandığını sorğulayıb.
Safura Bənnayeva
Globalinfo.az