Rusiya və Ukrayna arasında mümkün görüşün keçiriləcəyi məkanla bağlı müzakirələr davam edir. Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskini dəfələrlə Moskvada görüşə dəvət edib. Maraqlıdır, belə bir təmasın neytral ölkədə keçirilməsi də mümkündür. Lakin Putin təxminən iki ildir ki, Zelenskini məhz Moskvada görüşməyə çağırır.
Bunun səbəbi nədir? Putin niyə görüş yeri kimi məhz Moskvanı təklif edir? Belə bir ehtimal varmı ki, Zelenski Moskvada girov götürülsün və bununla Ukrayna kapitulyasiyaya məcbur edilsin? Əgər belə bir ssenari gerçəkləşərsə, beynəlxalq ictimaiyyət buna qarşı hansı addımları ata bilər?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Moskvaya dəvət hər nə qədər müharibənin siyasi-diplomatik yolla başa çatdırılmasına yönəlmiş təşəbbüs təsiri bağışlasa da, bu təkliflərin arxasında daha çox taktiki gedişin dayandığı görünür:
“Moskvanın danışıqların keçirilməsi üçün yeganə məqbul məkan kimi təqdim edilməsi təsadüfi deyil. Halbuki belə bir görüşün Türkiyə, İsveçrə, Avstriya və ya digər neytral ölkələrdə keçirilməsi mümkündür. Zelenski dəfələrlə Putinlə görüşməyə hazır olduğunu, lakin bunun neytral ərazidə baş tutmasını istədiyini bəyan edib. Deməli, problem görüşün keçirilməsi deyil, Moskvanın əvvəlcədən irəli sürdüyü şərtlərdir. Burada əsas məqam odur ki, həm Putin, həm də Lukaşenko Zelenskinin Moskvaya getmək təklifini qəbul etməyəcəyini yaxşı anlayırlar. Məhz buna görə də bu dəvətlərin davamlı təkrarlanması müəyyən siyasi məqsədə xidmət edir. Kremlin əsas hədəfi real danışıqlar prosesinə başlamaq yox, beynəlxalq ictimaiyyət qarşısında danışıqlardan yayınan tərəfin Ukrayna olduğunu göstərməkdir. Başqa sözlə, Moskva özünü sülhə hazır tərəf kimi təqdim edir, Zelenskinin təklifləri qəbul etməməsini isə müharibənin davam etməsində Kiyevin maraqlı olması kimi qələmə verməyə çalışır”.
Rəşad Bayramov
Politoloq bildirib ki, Lukaşenkonun son açıqlaması da bu yanaşmanı təsdiqləyir:
“O, Zelenski ilə birlikdə Moskvaya uçmağa və onun təhlükəsizliyinə təminat verməyə hazır olduğunu vurğulayıb. Bunun ardınca isə Ukrayna Prezidenti təklifi qəbul etməzsə, müharibənin davam edəcəyini söyləyib. Beləliklə, məsuliyyətin Ukrayna rəhbərliyinin üzərinə qoyulması xətti daha aydın görünür. Zelenskinin Moskvada girov götürülməsi və bununla Ukraynanın kapitulyasiyaya məcbur edilməsi ehtimalına gəldikdə isə, bunu real siyasi ehtimal kimi qiymətləndirmək üçün hər hansı ciddi əsaslar yoxdur. Belə bir addım beynəlxalq hüququn kobud şəkildə pozulması, münaqişənin daha da genişlənməsi və Rusiyanın onsuz da ağır olan beynəlxalq mövqeyinin daha da zəifləməsi demək olardı. Üstəlik, Ukrayna dövlətinin siyasi və hərbi idarəetmə strukturları yalnız prezidentdən asılı deyil.
Əgər belə bir qanunsuz hadisə baş versəydi, beynəlxalq ictimaiyyət diplomatik təzyiqləri gücləndirə, yeni və daha sərt sanksiyalar tətbiq edə, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müzakirələrini təşviq edə, Ukraynaya siyasi, hərbi və hüquqi dəstəyi genişləndirə bilərdi. Odur ki, Moskvanın təkliflərini Zelenskiyə qarşı siyasi və informasiya təzyiqinin tərkib hissəsi kimi qiymətləndirmək daha düzgün olar. Burada əsas məqsəd Ukrayna Prezidentini Moskvaya gətirmək deyil, onun getməməsindən təbliğat vasitəsi kimi istifadə etmək və danışıqlardan yayınan tərəf obrazını onun üzərində formalaşdırmaqdır. Yəni məsələ girov götürülmə ssenarisi yox, diplomatik təşəbbüs görüntüsü altında aparılan siyasi manipulyasiya ilə bağlıdır”.
Ləman İmran
Globalinfo.az