İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi Yaxın Şərqdə növbəti müharibənin artıq sırf regional xarakter daşımayacağını bildirib.
Vahidinin sözlərinə görə, İranın hərbi cavabı dünyanın istənilən nöqtəsini əhatə edə bilər. O, ölkənin ali rəhbərinin də bu istiqamətdəki açıqlamasını xatırladıb və yeni bir müharibənin regionla məhdudlaşmayacağını söyləyib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, SEPAH komandanlığı münaqişənin yalnız bir regionla məhdudlaşmayacağını, daha geniş coğrafiyaya yayıla biləcəyini bəyan edərək ABŞ-ı bir növ təhdid edib:
“Vahidi hətta Avropadakı ABŞ hərbi bazalarının da hədəfə alına biləcəyini vurğulayıb.
Hesab edirəm ki, İranın bu cür zərbələr endirmək üçün müəyyən raket imkanları mövcuddur. Tehran daha əvvəl Hind okeanında, təxminən 4 min kilometr məsafədə yerləşən hədəflərə zərbə endirmə qabiliyyətini nümayiş etdirməyə çalışıb. Bu baxımdan, İranın uzaqmənzilli raket potensialı ilə bağlı bəyanatlarını tamamilə diqqətdən kənarda saxlamaq olmaz.
Hazırda proses qarşılıqlı təhdidlər və ziddiyyətli bəyanatlar fonunda davam edir. Bununla belə, diplomatik danışıqlar da öz aktuallığını qoruyur. Xüsusilə Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsi danışıqların əsas mövzularındandır.

Məhəmməd Əsədullazadə
Düşünürəm ki, İran nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməyəcəyi təqdirdə, ABŞ-ın iqtisadi və siyasi təzyiqləri, o cümlədən sanksiyalar davam edəcək. Vaşinqton da İranın raket potensialını və mümkün cavab zərbələrini nəzərə alaraq, hərbi eskalasiyadan daha çox iqtisadi və dəniz blokadası vasitəsilə Tehrana təzyiq göstərməyə çalışır.
Bununla yanaşı, əsas sual ondan ibarətdir ki, İran həqiqətən də Avropadakı ABŞ hərbi bazalarını hədəfə ala biləcək raket imkanlarına malikdirmi? Belə bir addım atılarsa, münaqişə Yaxın Şərq çərçivəsindən çıxaraq daha geniş beynəlxalq təhlükəsizlik böhranına çevrilə bilər”.
Turan Rzayev
Globalinfo.az