korrupsiyaya qarshi mubarize idaresi bkk 060622 1

Bəzi dövlət qurumlarında rəhbər vəzifələrə təyinat zamanı qohumluq və şəxsi münasibətlərin rol oynaması, peşəkar kadrların isə kənarda qalması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Razi Nurullayev maraqlar toqquşmasına qarşı mübarizənin yalnız qanunvericiliklə məhdudlaşmamalı, idarəçilik fəlsəfəsinin dəyişməsinə də xidmət etməli olduğunu bildirib.

Bəs maraqlar toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulan hüquqi mexanizmlər praktikada nə dərəcədə effektiv olacaq?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, şəxslərin yüksək vəzifələrə təyin olunması, eyni zamanda peşəkar kadrların yüksək vəzifələrə irəli çəkilməsi dövlət strukturlarında hər zaman problemli məsələlərdən olub:

“Hesab edirəm ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti daha ciddi şəkildə təşkil olunmalıdır. Prokurorluğun əməliyyatçı əməkdaşları bu sahədə mütləq qaydada yerlərdə informatorlar təyin etməli və nəticələrin əldə olunması üçün ciddi fəaliyyət göstərməlidirlər. Ümumiyyətlə, belə hallar olduğu təqdirdə daha ciddi cəza mexanizmlərinin qanunvericiliyə əlavə olunması mütləqdir”.

Vəkil bildirib ki, bununla bağlı həm “Dövlət qulluğu haqqında” Qanuna, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi vacibdir:

“Dövlət idarəçiliyində prioritetlərin strateji əhəmiyyətini nəzərə alsaq, bu, son dərəcə vacib və ciddi sahədir. Ona görə də qohumbazlığın, dostbazlığın qarşısını almaq üçün bu sahədə maarifləndirmə, eləcə də əməkdaşların məlumatlandırılması və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi mütləqdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: