milliazliq ermenistan

Ermənistanın dərc olunan yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad yer almır. Bu, Azərbaycanla yekun sülh sazişinin önündəki əsas maneə idi.

Mövcud Konstitusiyanın preambulasında qeyd olunur ki, dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsinin tələblərini yerinə yetirməkdir.

12 bənddən ibarət olan Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı açıq ərazi iddiası əks olunur. Bəyannamədə bildirilir ki, “qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Həmçinin, “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir” deyə vurğulanır.

Bunun Konstitsiyada əks olunması Ermənistanın Azərbaycana qarşı rəsmi şəkildə ərazi iddiası irəli sürməsi deməkdir. Və Bakının mövqeyi belədir ki, ana qanunda ərazi iddiası aradan qaldırılmadan yekun sülh sazişini imzalamaq bunun davamlılığını təmin edə bilməz. Çünki Ermənistada revanşistlər hakimiyyətə gələrsə, sülh sazişini yox, Konstitusiyanın tələblərini əsas götürəcək. Yaxud hakimiyyətdə kimin olmasına baxmayaraq, regional şərtlər dəyişərsə, Ermənistan dövləti konstitusiyanın Azərbaycana qarşı ərazi iddiası tələbini aktuallaşdıra bilər.

Nikol Paşinyan sülh prosesinin yekunlaşması üçün yeni Konstitusiya layihəsi irəli sürüb və Müstəqillik Bəyannaməsi mətndən çıxarılıb: bu, İrəvanın Bakı və Ankaraya qarşı iddialardan imtinası deməkdir.

Bütün bunlar “ərazi iddiasının Konstitusiyadan çıxarılması ermənilərin bu iddialardan imtinası ilə nəticələnəcək” demək deyil, tarixi təcrübə Ermənistanın situasiyaya uyğun davrandığını dəfələrlə təsdiq edib. Bunu rəsmi Bakı da anlayır, lakin Konstitusiyada ərazi iddiasının qaldığı halda yekun sülh sazişini imzalamaq özünü aldatmaq olardı. Bu baxımdan, Azərbaycan regionun bəlasına çevrilən erməni revanşizminin önünü bütün mümkün yollarla – praktiki və hüquqi olaraq, kəsmək istiqamətində işləyir. Paşinyan hakimiyyətinin bu məsələdə Bakı ilə ortaq mövqedən çıxış etməsi də maraqlara söykənir.

Birincisi, sülh olmadan Ermənistanı dalandan çıxara bilməyəcəklər;

İkincisi, dalan vəziyyətində qalacaq Ermənistanın Rusiyadan asılılığı davam edəcək. Ki, belə bir ölkədə Paşinyanın hakimiyyətinə ehtiyac yoxdur;

Və ən həlledici amillərdən biri də güc faktorudur. Azərbaycan güclü olmasaydı, Ermənistanın geri addım atması asan olmayacaqdı. Bu gün ərazi iddialarının yer aldığı Konstitusiyadan imtina edən Paşinyan hakimiyyətinin 2023-cü ilə – separatçıların Xankəndidən təmizlənməsinə qədər fərqli siyasi xətt izlədiyi uzaq keçmiş deyi. Buna görə də regionda Ermənistanla sülhün yeganə təminatı gücdür. Azərbaycan güclü olduğu müddətdə sülh davamlı olacaq.

Yeni Konstitusiya layihəsini təqdim edən Paşinyan hakimiyyətinin bunu referenduma çıxara bilib-bilməməsi artıq proseslərdən asılıdır. Daha öncə bu haqda yazmışdıq: Ermənistan hakimiyyətinin önündə bir neçə ssenari var, yekun seçim növbədənkənar parlament seçkilərinə getmək və revanşistləri oyundan kənarlaşdırmaqdır; Paşinyanın komandası bu seçim üzərində də düşünür.

Asif Nərimanlı

Paylaş: