telefon baki 131

İctimai və dövlət maraqlarının müdafiəsi hər bir ölkənin milli təhlükəsizliyinin, siyasi sabitliyinin və davamlı inkişafının əsas şərtlərindən biridir. Bu maraqların qorunması yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin hüquqi şüurunun, vətəndaş məsuliyyətinin və dövlətə inamının gücləndirilməsini də tələb edir.

Xüsusilə müasir dövrdə informasiya təhlükəsizliyi, ictimai asayişin qorunması, milli maraqlara qarşı yönələn təhdidlərin qarşısının alınması və qanunun aliliyinin təmin edilməsi bu məsələnin aktuallığını daha da artırır.

Dövlət və cəmiyyətin ortaq maraqlarının qorunması üçün hansı hüquqi və institusional mexanizmlər gücləndirilməli, bu prosesdə vətəndaşların üzərinə hansı məsuliyyət düşür?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, ictimai və dövlət maraqlarının müdafiəsi milli təhlükəsizliyin təkcə hüquqi deyil, həm də siyasi, mənəvi və sosial tərəfidir:

“Zənnimizcə, bu məsələyə iki mühüm istiqamətdən yanaşmaq düzgün olar: birincisi, dövlətin qanun və institutlar vasitəsilə cəmiyyətin maraqlarını qoruması, ikincisi isə vətəndaşların bu prosesdə şüurlu və məsuliyyətli iştirakıdır. Xüsusilə qeyd edək ki, dövlət maraqları ilə ictimai maraqlar bir-birini tamamlamalıdır. Dövlətin gücü vətəndaşın hüquqlarının qorunmasında, vətəndaşın dövlətə inamı isə qanunların hamı üçün bərabər tətbiq edilməsində özünü göstərməlidir. Yuxarıda qeyd olunan reallıqlar fonunda təbii olaraq belə bir sual yaranır ki, dövlət və cəmiyyətin ortaq maraqlarının qorunması üçün hansı hüquqi və institusional mexanizmlər gücləndirilməli, bu prosesdə vətəndaşların üzərinə hansı məsuliyyət düşür? Araşdırmağa çalışaq. Heç şübhəsiz, bu məsələdə qanunun aliliyi və hüquqi məsuliyyət məsələləri ön plana keçir. İlk növbədə, qanun qarşısında hamının bərabərliyi prinsipi tam təmin edilməlidir. Dövlət vəzifəli şəxslərinin də, sıravi vətəndaşların da qanun qarşısında məsuliyyəti eyni hüquqi prinsiplərə əsaslanmalıdır, çünki qanunun aliliyi olmayan yerdə nə ictimai etimaddan, nə də dayanıqlı təhlükəsizlikdən danışmaq mümkündür”.

Deputat bildirib ki, dövlət institutlarının şəffaflığı və hesabatlılığı məsələsi olduqca aktualdır:

“Dövlət orqanlarının fəaliyyəti nə qədər açıq, şəffaf və hesabatlı olarsa, cəmiyyətdə dövlətə inam da bir o qədər möhkəmlənər. İctimai nəzarət, vətəndaş müraciətlərinə operativ baxılması, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnformasiya və kibertəhlükəsizliyin gücləndirilməsi ilə bağlı atılan addımlar ardıcıl və sistemli olmalıdır. Müasir dövrdə informasiya məkanı milli təhlükəsizliyin mühüm istiqamətlərindən birinə çevrilib. Dezinformasiya, saxta xəbərlər, kiberhücumlar və cəmiyyətdə süni qarşıdurma yaratmağa hesablanmış informasiya manipulyasiyaları ciddi risklər yarada bilər. Buna görə də kibertəhlükəsizlik infrastrukturu gücləndirilməli, dövlət qurumlarının informasiya sistemləri qorunmalı, əhalinin media savadlılığı artırılmalıdır. Eyni zamanda, informasiya təhlükəsizliyi adı altında qanuni söz və fikir azadlığının məhdudlaşdırılmasına yol verilməməlidir”.

elman nesirov yeni 3 900x600 1

Elman Nəsirov

E.Nəsirovun fikrincə, hüquq-mühafizə və məhkəmə institutlarının effektivliyi gücləndirilməlidir:

“İctimai asayişin qorunması ilə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi də təmin olunmalıdır. Hüquq-mühafizə orqanlarının peşəkarlığı, operativliyi və ictimaiyyət qarşısında hesabatlılığı artırılmalıdır. Məhkəmələrə etimadın gücləndirilməsi isə hüquqi dövlətin əsas şərtlərindəndir. Vətəndaş cəmiyyəti ilə dövlət arasında əməkdaşlıq ictimai-siyasi sabitliyin mühüm elementidir. Dövlət və cəmiyyət bir-birinə qarşı deyil, bir-birini tamamlayan tərəflər kimi fəaliyyət göstərməlidir. QHT-lərin, medianın, elmi və təhsil müəssisələrinin ictimai maraqların müdafiəsində iştirakına şərait yaradılmalıdır. Bu prosesdə vətəndaş məsuliyyəti də az əhəmiyyət daşımır”.

Deputat vurğulayıb ki, hər bir vətəndaş Konstitusiyaya və qanunlara hörmət etməli, başqalarının hüquq və azadlıqlarını pozmamalıdır:

“Sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatları yaymamalı, dezinformasiyanın və informasiya manipulyasiyasının alətinə çevrilməməlidir. İctimai əmlaka, dövlət resurslarına və milli sərvətlərə məsuliyyətlə yanaşmalıdır. Hüquq pozuntuları, korrupsiya və ictimai maraqlara zərər vuran hallarla qarşılaşdıqda qanuni vasitələrlə öz mövqeyini bildirməli və müvafiq qurumlara müraciət etməlidir”.

Elman Nəsirov bir məqamı da qeyd edib:

“Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsi hər kəsin dövlət və cəmiyyət qarşısında vəzifələrini müəyyən edir, 50-ci maddəsi isə informasiya azadlığını təmin edir. Deməli, vətəndaş məsuliyyəti ilə fundamental hüquq və azadlıqlar bir-birini tamamlamalıdır. Deməli, dövlət və ictimai maraqların qorunmasının ən mühüm şərti güclü dövlət institutları ilə məsuliyyətli vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətidir. Bir məsələni də unutmaq olmaz: milli təhlükəsizlik yalnız sərhədlərin, ərazi bütövlüyünün və dövlət institutlarının qorunması demək deyil. Milli təhlükəsizlik həm də vətəndaşın özünü hüquqi baxımdan müdafiə olunmuş, sosial baxımdan təmin edilmiş və dövlətin ayrılmaz tərkib hissəsi kimi hiss etməsidir. Yekun olaraq vurğulayaq ki, dövlətə sədaqət yalnız sözlə deyil, qanunlara hörmətlə, ictimai məsuliyyətlə və ölkənin inkişafına əməli töhfə verməklə ifadə olunmalıdır. Eyni zamanda, dövlət də vətəndaşın hüquqlarını qorumaqla, ədaləti təmin etməklə və cəmiyyət qarşısında hesabatlı olmaqla bu etimadı möhkəmləndirməlidir, çünki güclü dövlətin təməlində güclü cəmiyyət, güclü cəmiyyətin təməlində isə hüquqa hörmət edən vətəndaş dayanır”.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: ictimai və dövlət maraqlarının müdafiəsi

media yeni loqo

Zaira Akifqızı
Globalinfo.az

 

Paylaş: