
İraqın sabiq prezidenti Səddam Hüseynin vaxtilə istifadə etdiyi “Boeing 747SP” markalı təyyarə satışa təqdim olunub.
Globalinfo.az xəbər verir ki, İraqın dövlət aviaşirkəti “Iraqi Airways” Tunisin cənub-qərbində uzun müddətdir saxlanılan iki “Boeing 747” təyyarəsinin satışını həyata keçirməyə hazırlaşır.
Satış siyahısına daxil edilən hava gəmilərindən biri YI-ALM qeydiyyat nişanlı “Boeing 747SP” modelidir. Təyyarə keçmişdə İraq hökumətinin balansında olub və ölkəyə rəhbərlik etdiyi dövrdə Səddam Hüseynin istifadəsinə verilib.
Hər iki təyyarə üçün ilkin satış qiyməti 900 min dollar müəyyən edilib.
Məlumata əsasən, potensial alıcıların müraciətlərinin qəbulu üçün İraqın Tunisdəki səfirliyinin nəzdində xüsusi komissiya fəaliyyətə başlayıb. Sənədlər dekabrın 21-dən yanvarın 5-dək qəbul olunacaq.
“Iraqi Airways” satışın təyyarələrin hazırkı texniki vəziyyəti əsasında və hər hansı zəmanət öhdəliyi olmadan aparılacağını açıqlayıb. Təyyarələrin daşınması, bərpası, gömrük prosedurları və mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tələb olunan bütün ödənişlər yeni sahibin üzərinə düşəcək.
Digər satış obyekti isə 330 sərnişin daşımaq imkanına malik “Boeing 747-200” təyyarəsidir. Qeyd edək ki, hər iki hava gəmisi 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib.
“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, 1991-ci ilin yanvarında ABŞ və müttəfiqlərinin İraqa qarşı “Səhrada tufan” əməliyyatına başlamasından əvvəl Bağdad mümkün hava zərbələrindən qorunmaq üçün bir neçə təyyarəni ölkə xaricinə çıxarıb.
Həmin vaxt Tunisin Tozeur–Nefta beynəlxalq hava limanına gətirilən iki təyyarə o vaxtdan indiyədək burada qalır.
İraq rəsmiləri isə təyyarələrin satışa çıxarılması ilə bağlı hələlik ayrıca rəsmi mövqe açıqlamayıb.
Safura Bənnayeva
Globalinfo.az