rusiya ukrayna 900x600 2

Rusiya noyabrın 20-nə keçən gecə Ukraynaya qarşı kütləvi və kombinə edilmiş hava hücumu zamanı strateji Tu-160 bombardmançılarından yenidən istifadə edib. Ukraynalı aviasiya eksperti Boqdan Dolintsenin fikrincə, Moskva əvvəllər bu təyyarələrin texniki resursunu qorumaq məqsədilə onlardan istifadəyə mümkün qədər az üstünlük verirdi. Lakin budəfəki hücumda bombardmançıların adi raket yükünün yalnız yarısı ilə havaya qalxmış ola biləcəyi ehtimal edilir.

Globalinfo.az xəbər verir ki, ekspert bu barədə “Kiyev 24” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, bu dəfə hücum əvvəlkilərdən fərqli olaraq daha uzun müddət davam edib. İlk mərhələdə Ukrayna reaktiv zərbə dronlarının hücumuna məruz qalıb. Gecə saatlarında isə hava və dəniz bazalı qanadlı raketlərdən istifadə olunub.

Dolintse bildirib ki, hücuma ümumilikdə 10-dan çox Tu-95 və Tu-160 tipli strateji bombardmançı cəlb edilib.

Ekspertin fikrincə, təyyarələrin yarımçıq raket yükü ilə havaya qalxması da onların texniki istismar müddətini qorumaq məqsədi daşıya bilər. Beləliklə, Rusiya bombardmançıların aşınmasını azaltmağa və onları daha uzun müddət istismarda saxlamağa çalışır.

Bununla yanaşı, Rusiya hərbi qüvvələri Qara dəniz akvatoriyasından da qanadlı raketlər buraxıb. Dolintsenin qiymətləndirməsinə görə, söhbət 10-20 ədəd “Kalibr” raketindən gedir. Onun sözlərinə görə, raket hücumları gecə boyu davam edib, reaktiv zərbə dronlarının yaratdığı təhlükə isə raket mərhələsi başa çatdıqdan sonra da aradan qalxmayıb.

Məlumata görə, bu gün gecə saatlarında Rusiyanın “Olenya” hərbi aerodromundan Tu-95MS tipli strateji bombardmançılar havaya qalxıb. Monitorinq kanalları havaya ümumilikdə 12 təyyarənin qalxdığını, onların beşinin Tu-160 tipli bombardmançılar olduğunu bildiriblər.

Ekspert hesab edir ki, Rusiya bundan sonra da Tu-160 bombardmançılarından azaldılmış raket yükü ilə istifadə edərsə, bu, həmin təyyarələrin texniki resursunu qorumaq strategiyasının davamı olacaq. Bu halda bombardmançıların hücumda iştirakı buraxılan raketlərin sayının mütləq şəkildə artması demək deyil.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: