Ermənistan parlamentindəki müxalif deputatlar sərhədi keçən və bu ölkədə nəzarətdə saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə görüşmək üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, deputatlar hələlik müraciətlərinə konkret cavab ala bilməyiblər. Hərbçi ilə görüşün təşkili də müxtəlif səbəblərlə təxirə salınır.
Qəzetin məlumatına əsasən, müraciət edən deputatlara istintaq tədbirlərinin davam etdiyi, görüş üçün münasib vaxtın olmadığı bildirilib.
Məlumata görə, Nəsimi Musayev İrəvandakı Kentron Penitensiar Müəssisəsində saxlanılır. Bu müəssisə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin zirzəmisi kimi də tanınır.
Müxalif deputatların məqsədi yalnız saxlanma şəraiti ilə maraqlanmaq deyil. Onlar hərbçi ilə şəxsən söhbət edərək onun Ermənistan ərazisinə hansı şəraitdə daxil olduğunu, məqsədinin nə olduğunu və sərhəddəki Şaki kəndində baş verən hadisələrin təfərrüatlarını öyrənmək istəyirlər.
Safura Bənnayeva
Globalinfo.az