1036508 res 0 9e65a74e46bceee2

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvanı xəbərdar ediblər. Onlar bildiriblər ki, ABŞ Konqresinə keçiriləcək seçkilərdə demokratlar qalib gəlsə, Ukrayna ilə mümkün sülh sazişinin şərtləri Rusiya üçün xeyli ağırlaşa bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kyiv Independent” danışıqların gedişindən məlumatlı mənbəyə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ nümayəndələri Moskvanı hazırkı mərhələdə razılaşmaya getməyə inandırmağa çalışırlar. Çünki Donald Tramp administrasiyası qarşılıqlı güzəştləri müzakirə etməyə hazırdır. Demokratların Konqresə nəzarəti ələ keçirməsi isə Ukraynaya hərbi yardımın artırılmasına və Rusiyaya təzyiqlərin gücləndirilməsinə səbəb ola bilər.

Bildirilir ki, məhz bu arqument Rusiyanın sentyabr ayında danışıqları davam etdirməkdən imtina etməsindən sonra yenidən danışıqlar masasına qayıtmasına təsir göstərib.

Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin Donbasın bütövlükdə Moskvanın nəzarətinə verilməsi tələbini irəli sürməkdə davam edir.

Kremlə əldə olunacaq razılaşmanı ölkə daxilində qələbə kimi təqdim etmək imkanı yaratmaq üçün Vaşinqton Avropada yeni təhlükəsizlik arxitekturasının, o cümlədən Rusiya ilə NATO arasında gələcək münasibətlərin ayrıca müzakirəsini təklif kimi irəli sürür.

Ukraynalı rəsminin sözlərinə görə, bu məsələlərin əsas sülh sazişi imzalandıqdan sonra müzakirə edilməsi nəzərdə tutulur. Lakin Avropa nümayəndələri hələlik ABŞ-ın bu təşəbbüsünə qarşı çıxırlar.

ABŞ, Ukrayna və Avropa ölkələrinin iştirakı ilə növbəti danışıqlar raundunun noyabrın 19-da Berlində keçirilməsi gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: