Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı mübarizə aparmaq üçün 2027-ci ildə Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Brüsseldə keçirdiyi brifinqdə məsələ ilə bağlı danışıb.
O deyib ki, Rusiyanın bu il təxminən 10 milyon, gələn il isə 20 milyon drondan istifadə edəcəyi proqnozlaşdırılır.
Avrokomissarın sözlərinə görə, Aİ-nin dəstəyi ilə Ukrayna öz dronlarının sayını Rusiya ilə bərabərləşdirməlidir. Bu məqsədlə Ukraynanın ehtiyac duyduğu silahların istehsalı artırılmalıdır.
Kubilius qeyd edib ki, Avropa Komissiyası Ukraynaya kredit dəstəyi paketini gücləndirmək üçün əlavə 45 milyard avro maliyyə alətinin cəlb edilməsini təklif edib. Bu məbləğin 25 milyard avrosu 2027-ci ildə Ukraynanın müdafiə ehtiyaclarına yönəldiləcək.