dunya ehalisi

Süni intellekt və robot texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir sıra sahələrdə insanların iş yerlərini itirməsi gələcəkdə sosial narazılıqları və kütləvi etirazları gücləndirir. Artıq bəzi ölkələrdə süni intellektə qarşı etirazlar müşahidə olunur.

Süni intellektin və robotların işsiz qoyduğu insanlar dünya üçün hansı təhlükəyə çevrilir? İşini və mövqeyini itirən milyonlar ayağa qaxsa, üsyan etsə, dünyanın halı necə olacaq?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu proses həm iqtisadi, həm də ciddi sosial problem yaradacaq:

“Çünki işini itirən insan yalnız gəlirini deyil, cəmiyyətdəki mövqeyini və gələcəyə inamını da itirir. İşsizliyin kütləviləşməsi insanların narazılığını artıra, sosial gərginliyə və etirazlara səbəb ola bilər. Əgər insanlar süni intellekti özlərinə rəqib və təhlükə kimi görməyə başlasalar, texnologiyaya qarşı kütləvi etirazlar yaranacaq. Bu narazılıqların zamanla siyasi tələblərə, hətta qarşıdurmalara çevrilməsi də mümkündür”.

Esqin nurusov 142

Eşqin Nuruşov

Ekspert bildirib ki, digər təhlükə gəlir bərabərsizliyinin daha da dərinləşməsidir:

“Süni intellektdən istifadə edən şirkətlər daha çox qazanc əldə etdiyi halda, işini itirən insanların sayı arta bilər. Belə bir vəziyyətdə iqtisadi üstünlüklər az sayda şirkət və şəxsin əlində cəmləşəcək. Lakin çıxış yolu süni intellektin inkişafını dayandırmaq deyil. Əsas məsələ insanları bu dəyişikliklərə hazırlamaqdır. Dövlətlər yeni peşələr üzrə təlim proqramları yaratmalı, işsiz qalan şəxslərin yenidən əmək bazarına qayıtmasına dəstək verməlidir. Həmçinin şirkətlərin süni intellektdən istifadəsi müəyyən qaydalarla tənzimlənməlidir. Əks halda, texnologiyanın inkişafı insanların həyatını asanlaşdırmaq əvəzinə, sosial problemləri daha da dərinləşdirə bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: