“El-Ninyo iqlim hadisəsinin təsiri Rusiyada bu qış havanın normadan xeyli isti keçəcəyinə zəmanət vermir. Əksinə, bəzi atmosfer prosesləri ölkənin ayrı-ayrı bölgələrində güclü şaxtalara səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Meteorologiya və iqlimşünaslıq kafedrasının professoru Dariya Quşina deyib.
Ekspertin sözlərinə görə, El-Ninyo ilə Avrasiyada qış mövsümünün mülayim keçməsi arasında statistik əlaqə mövcuddur. Lakin digər atmosfer prosesləri bu təsiri zəiflədə, hətta bəzi ərazilərdə temperaturun aşağı düşməsinə səbəb ola bilər.
Quşina hazırkı El-Ninyo dövrünün mümkün təsirlərindən biri kimi noyabr ayında qeydə alınan qəfil stratosfer istiləşməsini (QSI) göstərib. Onun izahına görə, bu proses bloklayıcı antisiklonların yaranmasına şərait yarada bilər. Nəticədə, xüsusilə Qərbi və Şərqi Sibirdə kəskin şaxtalar müşahidə oluna bilər. Mütəxəssis belə bir atmosfer hadisəsinin bu qış Rusiyada da təkrarlanmasını istisna etmir.
Bundan başqa, bəzi Şimali Amerika meteoroloji modellərinin proqnozlarına əsasən, dekabr ayında Rusiyanın ərazisində mənfi temperatur anomaliyaları qeydə alına bilər. Beləliklə, bir neçə atmosfer amilinin üst-üstə düşməsi El-Ninyonun istiləşdirici təsirini zəiflədə bilər.
Klimatoloq bu ilin payızında havanın nisbətən isti keçməsini isə El-Ninyo ilə deyil, bloklayıcı antisiklonların uzun müddət üstünlük təşkil etməsi ilə əlaqələndirib. Onun fikrincə, payızın mülayim keçməsində El-Ninyonun rolunu təsdiqləmək üçün ən azı 50 illik statistik məlumatlar tələb olunur. Lakin mövcud göstəricilər bu iki hadisə arasında aydın əlaqənin olduğunu təsdiqləmir.
Qeyd edək ki, El-Ninyo Sakit okeanın ekvatorial hissəsində suyun səth temperaturunun dövri olaraq yüksəlməsi ilə müşayiət olunan iqlim hadisəsidir. Bu proses qlobal temperaturun artmasına, eləcə də dünyanın müxtəlif bölgələrində daşqın, quraqlıq və digər ekstremal hava hadisələrinin çoxalmasına təsir göstərə bilir.
Safura Bənnayeva
Globalinfo.az