Deputat Hikmət Babaoğlu cəmiyyəti iki hissəyə bölən, eyni zamanda milli kimliyimiz və gələcəyimiz baxımından son dərəcə həssas bir məsələyə toxunub. Bildirib ki, Azərbaycanda rus bölməsində 157 min şagird təhsil alır. Millət vəkili əlavə edib: “Ölkəmizdə ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəblər, demək olar ki, yoxdur. Belə olan halda sual yaranır: Rus dilinin Azərbaycanda hansı xüsusi statusu var ki, ümumi şagirdlərin 9,3 faizi bu dildə təhsil alır və həmin təhsilin xərclərini dövlət qarşılayır?
Bəli, nə üçün? Nəyə görə?
Kaş, digər xarici dillərdə də dövlət hesabına təhsil imkanları yaradılardı. Xüsusilə ingilis və çin dili üzrə. Çünki böyük əksəriyyət üçün ödənişli xarici dildə təhsil verən müəssisələrə üz tutmaq heç də əlçatan deyil. Ancaq məsələ təkcə başqa dillərin tədrisi ilə bağlı deyil. Əsas məsələ öz dilimizə münasibətimiz, ona verdiyimiz dəyərdir.
Rus dili artıq sovet dövründəki mütləq üstünlüyünü itirib. Lakin həmin dövrdən miras qalan ənənə hələ də yaşayır. Bəlkə də artıq bu yanaşmaya yenidən baxmağın vaxtıdır. Çünki bu gün küçələrdə, avtobuslarda, dayanacaqlarda öz ana dilində danışan uşaqlara rast gəlmək getdikcə çətinləşir. Təəssüf ki, bir çoxunun dilindən ilk kəlmələr rusca eşidilir. Niyə? Valideynlərin əksəriyyəti övladını rus bölməsinə əlavə dil biliyi qazandırmaq üçün yönləndirmir. Burada daha çox dəb, özünü fərqli göstərmək, bir növ müasirlik və üstünlük nümayiş etdirmək istəyi ön plana çıxır. Bir də “bəhs” deyilən xəstəlik var: Filankəsin uşağı rus bölməsində oxuyur, qonşunun oğlu, qızı rusca danışır, mənim övladım niyə geri qalsın?
Bəzilərinin fikrincə, rus bölməsində oxuyan uşaqlar daha aktiv, sərbəst, özgüvənli və diribaş olurlar. Bu, kökündən yanlış yanaşmadır. Bəs Azərbaycan bölməsində təhsil alan, eyni xüsusiyyətlərə malik minlərlə uşağın uğurunu, bacarığını nəyin ayağına yazaq?
Rus bölməsindəki uşaqların daha tərbiyəsiz olması ilə bağlı fikirlər də doğru yanaşma deyil. İnsanın xarakteri, davranışı, əxlaqı hansı bölmədə oxumasından asılı olaraq formalaşmır. Bəyəm, Azərbaycan bölməsində təhsil alan bütün şagirdlər tərbiyə və əxlaq nümunəsidir? Müəlliməsinə, ana-ata əvəzi sayılan bir insana atəş açan şagird də Azərbaycan bölməsində təhsil almırdımı? Eləcə də Azərbaycan bölməsində oxuyan şagirdlərin qazandığı saysız-hesabsız nailiyyətləri görməzdən gəlmək olarmı?
Deməli, məsələ rus və ya Azərbaycan bölməsi deyil. Məsələ yanaşmadadır, seçimlərimizdə və bu seçimlərin arxasında dayanan düşüncədədir. Əgər rus dilində dövlət hesabına təhsil imkanı yaradılırsa, digər xarici dillər üçün də eyni imkanlar təmin olunmalıdır. Yaxud dövlət hesabına təhsildə ana dilimizin üstünlüyü qorunmalıdır. Çünki Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin və gələcək nəsillərin ortaq kimliyini müəyyən edən ən mühüm dəyərlərdən biri məhz öz dilimizdir.
Bizi ən çox düşündürən, ürəyimizi ağrıdan da elə budur: öz ölkəmizdə böyüyən azərbaycanlı uşaqların ana dilindən uzaqlaşması, gündəlik ünsiyyətdə rus dilinə üstünlük verməsi, valideynlərin öz dilimizə qarşı nümayiş etdirdiyi laqeydlik. Söhbət rus dilini öyrənməkdən getmir. Əksinə, insanın bir neçə dil bilməsi böyük üstünlükdür. Rus dilini də, ingilis dilini də, çin dilini də öyrənək. Dünya ilə ünsiyyət quraq, biliklərə yiyələnək, sərhədləri aşaq. Amma bütün bunları edərkən öz dilimizə yadlaşmayaq!
Rus dilinə Azərbaycanda hər zaman tələbat olub. Bu, danılmaz faktdır. Ancaq əvvəlki dövrlərdə rus dilində təhsil alanlar ana dillərini də yaxşı mənimsəyir, Azərbaycan dilində sərbəst danışırdılar. İndiki mənzərə isə fərqlidir. Bu gün bəzən ana dilində fikrini ifadə etməkdə çətinlik çəkən, öz dilində danışmağa ehtiyac duymayan uşaqlar görürük. Sadəcə bir dayanacaqda dayanıb ətrafı müşahidə etmək kifayətdir. On nəfərdən səkkizinin rus dilində ünsiyyət qurduğuna şahidlik edirik. Bu, artıq adi sosial müşahidə deyil, ciddi həyəcan siqnalıdır. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil. Dil xalqın yaddaşıdır, tarixidir, mədəniyyətidir, ruhudur. Dilini qoruyan xalq keçmişini də, kimliyini də, gələcəyini də qoruyur.
Bir anlıq düşünək: Sabah bu uşaqlar böyüyəndə öz övladları ilə hansı dildə danışacaqlar? Nənə-babalarının nağıllarını, ata-babalarının tarixini hansı dildə dinləyəcəklər? Öz milli kimliklərini hansı sözlərlə ifadə edəcəklər? Ana dilinə biganəlik bu gün kiçik bir hadisə kimi görünür, amma sabah böyük bir boşluğa çevriləcək.
Biz müstəqil dövlətik. Bu, bizə asan başa gəlməyib. Torpaq uğrunda canından keçənlərin, bayrağımızın dalğalanması üçün həyatını fəda edənlərin bizə əmanətidir, Azərbaycan. O bayrağın rəngləri qədər dilimizin də mənası, dəyəri var. Vətənə sevgi yalnız torpağını sevmək, bayrağını ucaltmaq, himnini dinləyərkən ayağa qalxmaq deyil. Vətənə sevgi həm də onun dilini qorumaq, gələcək nəsillərə saf və zəngin şəkildə ötürməkdir.
Əziz valideynlər, övladlarımıza xarici dillər öyrədək, onların dünyaya açılmasına mane olmayaq. Amma bir şərtlə: öz evində, öz ölkəsində, öz xalqının arasında ana dilində danışmaqdan çəkinən nəsil yetişdirməyək. Bura Azərbaycandır! Bu torpağın öz dili, öz sözü, öz ruhu var. Dilimizi qoruyaq ki, kimliyimizi itirməyək. Dilimizi qoruyaq ki, tariximiz gələcək nəsillərin yaddaşında yaşasın. Dilimizi qoruyaq ki, sabah övladlarımız öz Vətənində öz dillərində danışmaq üçün yadlaşmasınlar. Unutmayaq, Ana dilini qorumaq Vətənə sədaqət deməkdir.
Xalq şairi Bəxtiyar Vahabzadə nahaqdan deməyib:
“Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək” (Bu misralar “Ana dili” şeirində 1954-cü ilin noyabr ayında yazılıb).
Ləman İmran
Globalinfo.az