“Erməni silahlı qüvvələri ötən gün növbəti dəfə hərbi təxribata əl atdı. Düşmən xeyli itki verib, çoxsaylı yaralıları var. Hər zaman olduğu kimi, bu dəfə də fərarilik göstərərək, mövqelərini qoyub qaçıblar”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı haqda danışarkən deyib.
O bildirib ki, Ermənistanın təxribat törətməsi sülh istəməməsindən irəli gəlir:
“Ona görə də çalışırlar ki, sülh müqaviləsinin imzalanma prosesi yubansın. Digər tərəfdən Ermənistan mətbuatı hökumət mənbələrinə istinadən yazır ki, guya yaxın perspektivdə Azərbaycan və Ermənistan siyasi liderlərinin Vaşinqtonda görüşü olacaq. Bu, ermənilərin ənənəvi taktikasıdır. Adətən, belə görüşlər ərəfəsində fundamental məsələlər müzakirə edilməsin deyə düşmən atəşkəsi pozur, hərbi təxribatlara əl atır”.
Elman Nəsirov
Deputat deyib ki, Avropa İttifaqının (Aİ) siyasi-hərbi missiyası bir il müddətinə Ermənistan sərhədinə yerləşdirilib və onların gözü qarşısında İrəvan hərbi təxribata əl atır:
“Onlar gedişatı kənardan izləyir. Buna görə də məruzələrini Ermənistanın xeyirinə hazırlayacaqları istisna etmirəm. Hazırda Ermənistan Rusiya ilə gərginlik yaşayır. Hətta Rusiyanın Ermənistanda dövlət çevrilişi edəcəyi, Paşinyanı hakimiyyətdən salacağı haqda informasiyalar erməni mediasında, xüsusilə Nikol Paşinyana yaxın mətbuat orqanlarında çap edilməkdədir. Hesab edirəm, Paşinyan belə hərbi təxribatlara əl atmaqla ilk növbədə öz hakimiyyətini qoruyub saxlamaq istəyir. İrəvan Azərbaycana qarşı müharibəyə başlamaq gücündə deyil”.
Zaira Akifqızı
Globalinfo.az